Klublar AFFA-nın ayırdığı vəsaiti tam ala bilmir

21.06.2023 23:15 412
Premyer-liqa / Manşet
AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavabladı.

Brifinqdə bir çox qaranlıq məqamlara aydınlıq gəldi. Ölkə futbolunun gələcəyi üçün alınan qərarlardan sonra mövsümün yekunları haqda danışmaq əhəmiyyətli idi. Həm də o baxımdan ki, 2022/23 “futbol ili” bitsə də, açıqlanmayan bəzi məqamlar idman ictimaiyyətini narahat edirdi. Belə mövzulardan biri də AFFA-nın premyer-liqa klublarına ayırdığı 3 milyon manatın taleyi idi. Görəsən, klublar bu vəsaiti hansı istiqamətdə xərcləyib? Ən əsası, pulu ala bilmək üçün tələb olunan meyarlar tam yerinə yetirilib? Digər tərəfdən, xərclərin yoxlanılması həyata keçirilib? Sərxan Hacıyevın bu suallara cavabı belə olmuşdu:

“Bəli, monitorinq aparılıb, ciddi yoxlamalar olub. AFFA-nın Yoxlama Təftiş Komissiyası var. Komissiyanın tərkibində 2 nəfər AFFA, digərləri isə dövlət nümayəndələridi. Müəyyən meyarlar var ki, klublar tərəfindən yerinə yetirilməyib. Elə klublar var ki, məbləği müəyyənləşdirilən istiqamətlər üzrə xərcləməyib. Həmin vəsait də klublara ödənilməyib. İlboyu məbləğ ödənilib. Amma elə aylar olub ki, müəyyən tutulmalar, gecikmələr baş verib. Bu da müəyyən sənədlərin yerində olmaması ilə bağlı olub. Sənədlər vaxtında gəlməyəndə ödənişlər də gec olub”.


Cavabdan bəlli olur ki, mövsüm ərzində müəyyən qayda pozuntuları qeydə alınıb. Başverənlərin hansı klublarla əlaqəli olduğunu, AFFA-nın meyarlarını yerinə yetirməkdə çətinlik çəkənləri müəyyənləşdirmək məqsədilə klub rəsmiləri ilə əlaqə saxladıq.

Asif Əsgərov (“Qarabağ”ın baş meneceri): “Bəli, bəzi meyarlarda çatışmazlıq yaranır. Məsələn, bu ilin yekunlarına görə ödənilməyəcək məbləğlər var. Xaricə futbolçu transfer etmək və qadın futbolunun inkişafı kimi məsələlər üzrə ödəniş ala bilməyəcəyik”.

Elnur Həmidov (“Sabah”ın mətbuat xidmətinin rəhbəri): “Bizdə indiyə qədər hansısa çatışmazlıq qeydə alınmayıb. Bütün tələbləri yerinə yetirməyə çalışırıq”.

Rüstəm Allahverdiyev (“Neftçi”nin mətbuat xidmətinin rəhbəri): “Açığı, hansısa çatışmazlığın olduğu haqda məlumatım yoxdu. Mövsüm ərzində ciddi problem də qeydə alınmayıb”.

Azad Mustafayev (“Kəpəz”in mətbuat xidmətinin rəhbəri): “Ötən mövsüm bir çox klubda tutulmalar və gecikmələr olub. Həmçinin “Kəpəz”də. 3 milyon manatı tam ala bilmək üçün bütün tələblərə cavab vermək lazımdı. Klublar üçün ən əsas meyar xaricə futbolçu transfer etməkdi. Təəssüf ki, biz bunu yaxşı bacarmırıq. Çox istərdik ki, “Kəpəz” olaraq bunu edək. Bilindiyi kimi, sponsorumuz, əlavə maliyyə dəstəyimiz yoxdu. Ümid edirəm ki, qısa zamanda tam məbləği ala bilən klublardan biri də biz olarıq”.

Elmar Abdullazadə (“Zirə”nin mətbuat xidmətinin rəhbəri): “Bizdə AFFA-nın maliyyələşdirməsinə görə hansısa gecikmə və ya vəsaitdən tutulmalar qeydə alınmayıb”.

Yusif Hüseynov (“Şamaxı”nın mətbuat xidmətinin rəhbəri): “Bizdə meyarlar tam yerinə yetirilib. İndiyə qədər sözügedən maliyyələşdirilmə ilə bağlı çətinlik çəkməmişik”.

Qeyd edək ki, “Qəbələ”, “Turan Tovuz”, “Sumqayıt” və “Səbail”lə əlaqə saxlasaq da, müəyyən səbəblərə görə məlumat ala bilmədik.

KƏNAN BAHADIR