Bəs baş məşqçilər bu nəticəni necə dəyərləndirir?
Elhad Nəziri, “Gəncəbasar”ın baş məşqçisi:
“Oyunun çətin keçəcəyini bilirdik. Çempionatın lideri - turnirin ən güclü komandalarından biri ilə oynayırdıq. Rəqibi təhlil etmişdik, üstün və zəif cəhətlərini bilirdik. Çalışdıq ki, ilk və ikinci hissələrdə fərqli futbol oynayaq. Bu elə bir qarşılaşma idi ki, kim qol vursaydı, o da qalib gələcəkdi. Şükürlər olsun ki, səfərdən bir xalla qayıtdıq. Futbolçularıma, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. İnşallah, səhvlərimizdən nəticə çıxarıb, daha yaxşı hazırlaşaraq çempionluq yolunda davam edəcəyik”.
Fizuli Məmmədov, “Şahdağ Qusar”ın baş məşqçisi:
“Gərgin oyun oldu. Bu oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmədik, amma futbolçularım çox yaxşı təsir bağışladılar və verdiyim tapşırıqları yerinə yetirdilər. Bilirsiz ki, rəqib də ikinci yerdə qərarlaşan komandadı, elə-belə komanda deyil. Doğrudan da, çox yaxşı bir komandaya qarşı oynayırdıq. Təhlükəli hücum xətti olan rəqibə qol imkanı vermədik. Digər tərəfdən, hücumda son ötürmələrdə və vuruşlarda bir qədər çətinlik yaşadıq. Amma ümumilikdə bütün oyun ərzində həm hücumda, həm də keçidlərdə komandam çox effektli idi. Bəli, qalib gəlməyi çox istəyirdik, amma bacarmadıq. Bitiricilikdə futbolçuların o son məqamlarda keyfiyyəti çatmadı. Rəqib müdafiəsinin də fədakar oynadığını qeyd etməliyik. Bərabərə qaldıq, qalib gəlmədik, amma qarşıda oyunlar var. Çempionat davam edir və biz bu oyunlara hazırlaşacağıq. Həm "Gəncəbasar"a, həm də öz komandama uğurlar arzulayıram”.
İSRAYIL XEYRULLAYEV





