Bir idmançı tanışım var.
İki Olimpiada və 5 dünya çempionatının iştirakçısı olub. Olimpiadanın birinə idmançı, ikincisinə isə məşqçi kimi qatılıb. Dünya çempionatlarında idmançı, karyerasını bitirəndən sonra məşqçi kimi iştirak edib. Onunla tez-tez mötəbər yarışlar barədə danışırıq, başına gələn hadisələri yada salırıq. Bu yaxınlarda növbəti belə “qeybət” zamanı hardansa söhbət Kubanı təmsil edən idmançılardan düşdü. Çox güclü olduqlarını, qatıldıqları hər yarışda özlərini yaxşı tərəfdən göstərdiklərini vurğulamağı unutmadı. Onu da bildirdi ki, “Azadlıq adası”nin təmsilçiləri 50 metrdən seçilirlər. Söbətin bu yerində “seçilərlər də, hamısı qaradı” demişdim ki, həmsöhbətim əsəbləşdi. Elə bildim kubalılara “qara” deməyimə görə hirslənib. Rəngləri bir qədər tündləşdirib “qaraya, qara deyərlər. “Niyə əsəbləşirsən”söyləyib özümü haqlı çıxartmağa çalışırdım ki, “mən onları rənglərinə görə seçmirəm. Ona qalsa, Afrikadan gələn idmançılar da qaradı. Həmin məntiqlə onları da uzaqdan tanımalıyam” dedi. Özümü saxlaya bilmədim və“bəs nədən tanıyırsan, 4 gözləri, iki burunları olur” sualını verdim. İdmançı dostum “Onlar da bizim kimi normal adamlardı. Sadəcə, 20 ildən artıqdı ki, onların idman geyimləri eyni tərzdədi. Ölkənin bütün atributları formalarının üzərində əks olunub. Tək kubalılar yox, əksər ölkələri təmsilçilərini belə geyim dəstlərindən istifadə edirlər. Mötəbər yarışlarda iştirak edən, bizə yaxın olan gürcülərə, ruslara, ukraynalılara, belaruslara, hətta qazaxlara baxsan görərsən ki, paltarları bayraqları rəngindədi, üzərində milli ornamentlər var”.
Bu söhbəti nədən xatırladım. Bu günlərdə Milli Gimnastika Arenasında 2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimatı keçirilib.Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. Bu arzu isə bir sıra brend şirkətlərə danışıqlardan sonra reallaşıb: "Geyimlər üçün bir sıra şirkətlərlə danışıq aparsaq da, müsbət cavab ala bilmədik. Formanın hazırlanması 1 ildən çox vaxt aparıb. İdmançılarımız fəxr edə bilərlər ki, milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar".
Nazir onu da qeyd edib ki, yeni forma ilk dəfə Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında istifadə olunacaq. Vahid idman geyimləri yerli modelyer Mənzər Hacıyevaya etibar edilib. Onun sözlərinə görə, formalar bir sıra yerli və xarici idmançılarla söhbətlərə əsasən hazırlanıb. Formalarda milli atributlardan istifadə olunub.
Xəbəri oxuduqdan sonra yeni idman geyim dəstlərinin fotolarına baxdım. İlk baxışdan mənə elə gəldi ki, bu idman geyimi yox, dənizçi, hamının başa düşə biləcək dildə desəm “matros” paltarıdı. Ağ və göy rəngləri özündə əks etdirən idman geyimlərinin Azərbaycana nə aiddiyatı olduğunu başa düşə bilmədim. Sanki, Azərbaycan dörd tərəfdən okean və dənizlə əhatə olunub, bizi dünyada dəniz ölkəsi kimi tanıyırlar. Və bu səbəbdən Mənzər xanım Hacıyeva rəng seçimində göy və ağa üstünlük verib. Ancaq biz dəniz ölkəsi deyilik. Bütün planet bizi neft və qaz məmləkəti kimi qəbul edir.
Bəs bu rənglər nə deməkdi, niyə məhz göy və ağ rəngin ahəngindən hazırlanmış geyim? Etməyib tənbəllik internetdə axtarış verib rənglərin mənası ilə maraqlandım. Məlum oldu ki, göy müdriklik, sədaqət, soyuqluq, ehtirassızlıq, sakitlik rəngidi. Bu rəngi seçən uşaqlar sakit, təmkinli olur, hər şeyi tələsmədən edir, divanda kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi sevir. Onlar özlərini qurban verməyə meyllidi. Almaqdan daha çox verməyi xoşlayırlar. Təsadüfi deyil ki, göy rənglərə meylliləri qırmızı rənglə ürəkləndirir, qırmızıya meylliləri isə göy rənglə sakitləşdirirlər. Göy rəngdən imtina o deməkdi ki, adam güclü emosional yükləmədən sonra rahatlığa can atır. Buna ehtiyac var.
“Almaqdan çox verməyi sevirlər” cümləsi diqqətimi cəlb etdi. Deməli, modelyer xanın milli mənəvi dəyərlərə uyğun hər bir idmançıya gizli measj göndərib. Yəni “qızıl” qazanıb ölkəyə, Fərid Qayıbova verə bilərsən. Ancaq əvəzində heç nə umma, heç nə istəmə. Onsuz da Fərid bəy nazir təyin olunandan sonra mötəbər turnirlərdə medal qazanan idmançılar üçün nəzərdə tutulan mükafatlar ya kəsilib, ya da azalıb. Hətta eşitdiyimə görə bu yaxınlarda Avropa çempionu olmuş idmançı ilə görüşdə idmançı cənab nazirə “siz gələndən sonra mükafat üzünə həsrət qalmışıq. Hər dəfə bizi qəbul edəndə qazancımız ancaq “Poverbank” olur” söyləyib.
Ağ isə təmizlik, məsumluk, təravət, sərinlik, düzgünlük və aydınlıq rəmzidi. Bu rəngi ancaq istisnalı həyat situasiyalarında sevmək olur. Məsələn, uzun müddət xəstəxanada olanda və həyat tərzini dəyişəndə. Göz qamaşdırıcı ağ rəng hətta bayılmaya səbəb ola bilər. Bu rəng eyni zamanda boşluq rəngidi. Ağa çox baxanda insan tez yorulur. Ağ rəngi sevənlər ilk növbədə çox səliqəli olur. Bu rəngi istənilən xarakterli insanlar seçə bilər. Lakin pessimistlər və skeptiklər bu rəngdən qaçır.
Ağ rəng barədə məlumatı oxuyub barmağımı dişlədim. Bəlkə Mənzər xanım demək istəyir ki, Paris-2024 ərəfəsində idmanımız koma vəziyyətindədi? Onsuzda hamı bilir ki, qarşıdakı Olimpiada ərəfəsində cüdo, boks və taekvando üzrə keçirilən dünya çempionatında təmsilçilərimiz fiaskoya uğrayıblar. Və modelyer xanım bu səbəbdən “bu rəngi ancaq istisnalı həyat situasiyalarında sevmək olur. Məsələn, uzun müddət xəstəxanada olanda və həyat tərzini dəyişəndə” əlində bayraq tutaraq ağ rəngə üstünlük verib?
RƏŞAD