Bildiyiniz kimi, Audiovizual Şura "Neftçi TV"yə yayın lisenziyası verib.
Bu barədə qurumun iclasında qərar qəbul olunub. Bildirilib ki, müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV") peyk yayını həyata keçirməyən platforma yayınçısı lisenziyasnın verilməsi barədə müvafiq qərar qəbul edilib. Bu məsələ və “Neftçi TV”də hansısa yeniliklərin olub-olmayacağı ilə bağlı fikirlərini öyrənmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:
“Məlumatda qeyd olunduğu kimi, “Neftçi TV”yə peyk olmayan platforma yayınçısı lisenziyası verilib. Biz bütün kabel televiziyalarında, İP TV-də rahat şəkildə yayın təşkil edə bilərik. Təbii ki, həm texniki cəhətdən daha da möhkəmlənməliyik, həm də heyətimiz genişlənməlidi. Bunu da planlaşdırırıq. Yeni verilişlərlə, dəyişikliklərlə izləyicilərimizin qarşısında olacağıq. Bilmirəm, fikir vermisiz, ya yox, son mövsümdə artıq bir yenilik etdik. Akademiyalara daxil olan komandaların oyunlarını 1 yox, minimum 3 kamera ilə çəkərək yayınlayırdıq. Növbəti mövsümlərdə bu yöndə işlərimizi daha da təkmilləşdirəcəyik”.
İLKİN SULTANLI