"Səbail" rəhbərliyi də bunun fərqindədi ki, artıq hazırlığa start verilib. Franko Mazurek, Ruslan Hacıyev, Luvaqa Kizito, Qustavo de Fransa, Qoba Zapka və Emil Martinovla müddəti başa çatan müqavilələr yenilənməyib. Bununla yanaşı, bəzi yerli futbolçuların adı "Səbail"lə yanaşı hallanır.
İddiaların həqiqətəuyğunluğu və heyətlə bağlı planlar haqda ətraflı məlumat almaq məqsədilə Şahin Diniyevi aradıq. Təcrübəli mütəxəssisi dinləyək:
“Daha keyfiyyətli komanda formalaşdırmaq niyyətindəyik. Bəli, artıq bir neçə futbolçu yola salınıb. Siyahı genişdi. Başqalarıyla da klubun adına yaraşan şəkildə yolları ayıracağıq. Transfer məsələləri üzrə işlər isə iki mərhələdə görüləcək. "Təmizlik" işləri yekunlaşandan sonra boşluqların olduğu mövqelər müəyyənləşəcək. Öncəliklə uyğun yerli futbolçulara müraciət edəcəyik. Son addımda isə nəzərdə tutulan legionerlərə dəvət göndəriləcək. Bəzi qərarlar dəqiqləşmədiyindən ətraflı məlumat verə bilmirəm. Hələ ki Yusif Nəbiyev və Süleyman Əhmədov ilə müqavilə bağlamışıq".
Təcrübəli çalışdırıcı “Zirə”dən ayrılan oğlu Coşqun Diniyevin növbəti mövsümdə "Səbail"də çıxış edəcəyi haqda yayılan xəbərlərə də aydınlıq gətirdi:
"Coşqun hazırda millinin heyətindədi. Onu vacib matçlar gözləyir. Bu mövzunu müzakirə etməmişik. Coşqun Türkiyə klubundan da təklif alıb. Hələ ki gözləmə mövqeyindədi".
Qeyd edək ki, növbəti mövsümdə "Səbail"də çıxış edəcək Yusif Nəbiyev 2022-ci ilin yayından "Kəpəz"in uğurları üçün çalışıb. Kapitan Gəncə təmsilçisinin heyətində premyer-liqada 34 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. Süleyman Əhmədov isə "Sumqayıt"ın yetirməsidi. O, ötən mövsüm "kimyaçılar"ın heyətində 28 dəfə meydana çıxıb. Yarımmüdafiəçinin hesabında qol olmasa da, 2 məhsuldar ötürmə var.
KƏNAN BAHADIR






