Sənan Abdullayev: “PFL-in belə məsələlərlə bağlı qərar vermək hüququ var”.

7.06.2023 16:29 508
Aktual / Ölkə futbolu
"Neftçi" - "Qəbələ" qarşılaşmasından sonra mətbuat konfransı baş tutmadı. Komandalar mükafatlarını alıb dağılışdı. Xatırladaq ki, Misli premyer-liqasının son turunda gerçəkləşən "Qarabağ" - "Turan Tovuz" oyunundan sonra da baş məşqçilər jurnalistlər önünə çıxmadı. Yenə də eyni səbəb üzündən. “Azərsun Arena”da çempiona qızıl, “Sabah”la "Neftçi"yə isə gümüş və bürünc medallar təqdim olundu.

Halbuki mövsümün son qarşılaşması ilə bağlı xüsusilə Laurentsiu Regelampfdan soruşulacaq çox şey var idi. Amma Elmar Baxşıyevdən fərqli rumıniyalı mütəxəssis ayaqüstü açıqlama belə vermədən “Bakcell Arena”dan ayrıldı.

"Football-plus.az" olaraq bunun səbəbini aydınlaşdırmaq üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevlən əlaqə saxladıq:

"Mükafatlandırma mərasimindən sonra mətbuat konfransları nəzərdə tutulmuşdu. Təbii ki, biz də təşkil etməkdə çətinlik çəkməyəcəkdik. Sadəcə, hər iki halda ünsiyyətdə olduğumuz əksər jurnalistlər baş məşqçilərdən açıqlama aldıqlarını və futbolçuları gözlədiklərini söylədilər. Belədə mütəxəssisləri boş otaqla üz-üzə qoymamaq üçün mətbuat konfranslarının keçirilməməsinə qərar verdik. Əsasnaməyə görə də PFL-in belə məsələlərlə bağlı qərar vermək hüququ var”.


ABDULLA İSMAYILOĞLU