Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu millimiz hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Su İdman Sarayının çimərlik meydançasında Türkiyəyə qarşı baş tutan görüş 6:5 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Emin Həsənzadə ilə Hüseyn Axundovun dubl etdiyi matçda digər qolu Elçin Qasımov vurub. Komandalar arasında növbəti oyun bu gün gerçəkləşəcək. Təlim-məşq toplanışı isə iyunun 20-də başa çatacaq.
İlk oyunla bağlı fikirlərini öyrənmək məqsədilə yığmanın baş məşqçisi Zeynal Zeynalovla əlaqə saxladıq. O, məğlubiyyətin səbəbini "Football-plus.az"a belə izah etdi:
"İlk oyun qənaətbəxş keçdi. Əsas heyətdən 5 futbolçu bu matçda iştirak etmirdi. Onlardan dördü zədəli idi. Amid Nəzərov isə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən çempionatda iştirak etdiyinə görə milliyə qoşulmayıb. Bu səbəbdən aramıza yeni qatılanlara üstünlük verdim. Komandadan oyun baxımından razı qalmasam da, yaxşı cəhətlər çox idi”.
Mütəxəssis bugünkü qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirdi:
“Hər halda, yoldaşlıq oyunudu. Nəticə qazanmaqdan daha önəmlisi futbolçuları sınaqdan keçirməkdi. Özlərini yaxşı hiss etsələr, zədəlilərdən də bir-ikisini meydana buraxmaq fikrim var”.
Zeynal bəy çimərlik futbolundakı çatışmazlıqlara da toxundu:
“Ümumilikdə futbolçulardan razıyam. İşə məsuliyyətlə yanaşırlar. Tapşırıqlarımın öhdəsindən gəlirlər. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Əsas problem turnirlərin, təlim-məşq toplanışlarının, yoldaşlıq oyunlarının azlığıdı. Ölkədə bununla bağlı daha çox işlər görülsə, çimərlik futbolununun inkişafına böyük təkan olar. Qarşıda bizi 3-cü Avropa Oyunları və dünya çempionatının oyunları gözləyir. Hazırlıq bu yöndədi. Hələ ki başqa təlim-məşq toplanışı nəzərdə tutulmayıb".
Qeyd edək ki, üçüncü Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək. Millimiz A qrupunda Polşa, Portuqaliya və İspaniya ilə mübarizə aparacaq. Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları isə iyulun 2-9-su aralığında Bakıda baş tutacaq.
KƏNAN BAHADIR