Yığmanın meneceri qarşıdakı planlar haqda danışdı - AÇIQLAMA

13.05.2022 23:57 518
Yığma / Manşet
Çimərlik futbolu yığmamız Bakıda təlim-məşq toplanışında olan Küveytlə yoxlama oyunlarını davam etdirir.

Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilən ikinci görüş rəqibin 2:0 hesablı qələbəsiylə bitib. Növbəti dueldən isə yığmamız qalib ayrılıb - 6:2. Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov qələbədə əsas pay sahibi olub. Tərəflər dünən də münasibətləri aydınlaşdırıb. 3:2 hesablı qələbənin memarları Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev olub. Maraq üçün qeyd edək ki, komandamız ilk görüşdə inamlı qələbəyə sevinmişdi – 5:0.

Yığmanın meneceri Rüfət Həsənovla yoxlama oyunları və planlar haqda danışdıq:

“Komandaya 8 yeni futbolçu cəlb olunub. Onların bacarığını görmək üçün yalnız məşq kifayət etmir. Bu üzdən də Bakıda hazırlıq keçən Küveyt millisiylə yoldaşlıq görüşləri keçirdik. Mayın 16-dan 20-nə kimi Litva yığması da Bakıya təlim-məşq toplanışına gələcək. Bu komandanın baş məşqçisi millimizin sabiq üzvü Sahib Məmmədovdu. Onlarla 2 və ya 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq”.


ŞAİR ABDULLA