Sabah Azərbaycan kubokunda mövsümə yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, final matçında "Neftçi" ilə "Qəbələ" qarşılaşacaq. Oyundan öncə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Final oyunudu. Çox çətin görüş olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdı. "Qəbələ" yaxşı komandadı. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Döyüş ruhu çox olan final matçına hazır olmalıyıq. Sabahkı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar 50/50-di".
- Penalti zərbələri üzərində işləmisiz?
- Buna hazırıq. Hər şey mümkündü. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq.
- Dediz ki, şanslar bərabərdi. Büdcə və oyunçuların keyfiyyəti, baş məşqçinin təcrübəsi baxımından sizcə, "Neftçi"nin şansları daha çox deyil?
- Çalışacam ki, nəzakətli cavablar verim. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisəsini aparmaq doğru deyil. "Sevilya" ilə "Roma" arasında keçirilmiş Avropa Liqası finalına baxın. Baş məşqçi təcrübəsini müqayisə ediriksə, oyundan əvvəl kuboku Joze Mourinyoya verməli idik. Çünki, təcrübəsi çoxdu. Baş məşqçi olaraq ən yaxşısını edirik ki, oyunçuları hazırlayaq. Bəli, finaldı. Şanslar bərabərdi. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Biz hansı klubu təmsil etdiyimizi bilirik. Bunu qürur hissi ilə etməliyik. Sabah klubumuzu yaxşı tərəfdən təmsil etməli, döyüşməli, qaçmalıyıq. Çünki bu, güclü, böyük addı. Burda "Neftçi" haqda danışıram. Hər bir oyunçu meydana daxil olanda dərk edir ki, klubun anlamı nədi. Finalda çoxlu hisslər var. Əminliklə deyə bilərəm ki, hər iki komanda ən yaxşısını edəcək.
- Joze Mourinyonun futbolçu keçmişi olmayıb...
- O, indiyə qədər neçə titul qazanıb? Ən çox titul qazanan məşqçi kimdi? Mən deyə bilərəm, Aleks Ferqyussondu. 49 titulu var və ilk 4-5-likdə Mourinyo gedir. Səhv etmirəmsə, Mourinyo ilk dəfə idi ki, finalda uduzurdu. Hazırda dünyanın ən yaxşılarından biridi. Məşqçinin CV-si o qədər də vacib deyil. Sabah kubokun finalıdı. Ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardı. Onlar meydana daxil olurlar, hissləri var, səhv edə bilərlər. Robotlarla yox, insanlarla çalışırıq.
- "Neftçi" ən köklü klublardan biridi. Sabah uğursuzluq baş versə, sizin istefanızla nəticələnə bilər?
- Bu suala cavab verməli deyiləm. Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bundan qürurlanmalıyıq. Bu, o deməkdi ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Burdan getməyim və qalmağımla bağlı heç bir problem yoxdu. Hər gün eyni inamla çalışıram. "Neftçi" üçün nələr edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər hardadı. İnanın ki, hər gün bu hiss ola-ola işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam.