"Çalışacağıq ki, maksimumu edək" - Mixail Bilek

16.08.2022 20:30 487
Çempionlar Liqası
Çempionlar Liqasında pley-off mərhələsinə start verilir.

Təmsilçimiz "Qarabağ" "Viktoriya"nı qonaq edəcək. Oyun öncə qonaq komandanın baş məşqçisi Mixail Bilekin mətbuat konfransı keçirilib. O, fikirlərini bildirib:

- "Şerif"lə matçdan sonra mətbuat konfransında bildirmişdiniz ki, daha çox "Ferentsvaroş"la oynamaq istəyərdiniz. Nə üçün belə demişdiniz?
- Əslində, ona görə demişdim ki, "Qarabağ" daha güclü rəqibdi, yaxşı olardı ki, "Ferentsvaroş"la qarşılaşaq.

- Sabah stadiondakı atmosfer və hava ilə bağlı gözləntiləriniz necədi?
- Bilirdik ki, burada hava da isti olacaq, "Qarabağ"ın azarkeşləri də çox olacaq. Bunların hamısına hazırlaşıb gəlmişik.

- Sabahkı oyunda stadionun dolu olması sizə təsir göstərə bilər?
- Təbii ki, bilirik çox azarkeş olacaq, stadion dolu olacaq. Çalışacağıq ki, oyuna konsentrasiya olaq.

- Sizcə, cütün favoriti hansı komandadı?
- "Qarabağ" bura kimi gəldiyi yolda Polşa, İsveçrə və Macarıstan çempionunu sıradan çıxarıb. Biz də Çexiya çempionuyuq. Təbii ki, "Qarabağ" çox güclü rəqibdi. Əlimizdən gələni edəcəyik.

- Sabah müdafiə olunacaqsınız?
- Oyunun gedişatını, mövqeləri demək istəməzdim. Sabaha qədər fikirləşəcəyik ki, hansı oyunçu hansı mövqedə oynayacaq. Oyun vaxtı görəcəksiniz hər şeyi.

- Çempionlar Liqasına vəsiqə qazanmış kimi düşünürsüz, yoxsa hələ hazır deyilsiz?
- Demək olar ki, biz bir addımlıqdayıq. Ona görə çalışacağıq ki, maksimumu edək. Çox uzun yol gəlmişik. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq.

- Sabahkı oyunda minimal hesablı məğlubiyyət sizi qane edəcək?
- Əslində, biz çalışacağıq ki, sabah qələbə qazanaq və evdə daha sığortalanmış olaq. Sabah bizi nəyin gözlədiyini bilmirik. Oyunda bilinəcək. Çalışacağıq ki, qalib gələk və ev oyununu maksimum sığortalanmış halda keçirək.

- Bir çox oyunları iki hücumçu ilə keçirmisiz. Çox matçda da həmin sxemlə qalib gəlmisiz. Sabahkı oyunda da bu cür sxemdən istifadə edəcəksiniz?
- Bayaq dediyim kimi, "Qarabağ"ın müdafiəsi güclüdü. Ona görə də biz tam bilmirik, əvvəlki sxemlə oynayacağıq ya, yox. "Qarabağ"ın müdafiəsi güclüdü. Sabah qədər hər şey daha dəqiq bilinəcək.