Misli premyer-liqasının 35-ci turunun oyunları mayın 21-i və 22-də keçiriləcək.
Bazar günü bir, ertəsi isə dörd qarşılaşma baş tutacaq. Sosial şəbəkələrdə azarkeşlər matçların nə üçün istirahət yox, iş günlərinə təsadüf etdiyini PFL-ə sual şəklində ünvanlayır. Futbol ictimaiyyəti bu məsələdə haqlıdı. Çünki oyunların vaxtının dəyişdirilməsini əsaslandırmaq üçün hansısa səbəb yoxdu.
Belədə PFL-in bu addımı nəyə əsaslanır? Bu sualı qurumun texniki-idman direktoru Elgiz Abbasova ünvanladıq:
“Əslində təqvimdə 35-ci turun oyunları mayın 21-nə nəzərdə tutulmuşdu. Bilirsiz ki, çempionatın yayınına məsul telekanal “CBC Sport”du. Mayın 20-si və 21-də ölkəmizdə beynəlxalq basketbol yarışı keçiriləcək. Həmin turnirin yayını da “CBC Sport”a həvalə olunub. Telekanalla mövsüm ərzində əməkdaşlıq etmişik. Ölkəmizdə keçiriləcək turnirin əhəmiyyətini nəzərə alaraq onlarla razılığa gəldik ki, həm çempionat oyunlarını, həm də yarışı işıqlandıra bilsinlər. Mayın 21-nə niyə bir oyun saldıq? Çünki həmin görüşün hansı gündə keçirilməsindən asılı olmayaraq, başqalarına təsiri yoxdu.
Qalan 4 qarşılaşmanın nəticəsi turnir cədvəlinə təsir etdiyi üçün oyunların eyni vaxtda başlaması məqsədəuyğun sayıldı”.
İLKİN SULTANLI