Misli premyer-liqasının sonuna 2 tur qalıb. 35-ci turun 4, 36-cı turun isə bütün oyunları eyni gündə keçiriləcək. Belədə qarşılaşmaların hamısının canlı yayını mümkün olmayacaq. "CBC Sport" telekanalının bu vəziyyətdən necə çıxacağı maraq doğurmaya bilməz.
"Football-plus.az" olaraq bunu telekanalın baş redaktoru Şəmsəddin Abbasovdan soruşduq:
"Əvvəlki ənənəmizə sadiq qalaraq mərkəzi qarşılaşmaları yayınlayacağıq. Həmçinin digər oyunlara da keçidlər edəcəyik".
PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev isə bunları söylədi:
“Məlum olduğu kimi, 34-cü turun oyunlarından 1-i mayın 21-i, saat 18.00-da, 4-ü isə 22-si, saat 16.30-da start götürəcək. 22-də keçiriləcək oyunlardan üçünü “CBC Sport” canlı yayınlayacaq. “Qarabağ” – “Sumqayıt” qarşılaşması PFL-in “yutub” kanalı vasitəsilə göstəriləcək. Son turun cədvəli isə mayın 22-də bilinəcək. Orda da oxşar addımlar atılacaq. Bacardığımız qədər azarkeşlərin bütün oyunları izləməsi üçün dəstək olacağıq”.
ABDULLA İSMAYILOĞLU