AFFA İntizam Komitəsinin son iclasında Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilən “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyunu müzakirə olunub.
Qurum nəticəni (3:1) ləğv edərək Lənkəran təmsilçisinə texniki məğlubiyyət verib. Buna səbəb isə komandanın heyətində yer alan Elvin Mirzəyevlə İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması və Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulması olub.
İndi də məsələ ilə bağlı komandaların nümayəndələrinin fikirlərinə keçid alaq.
Höccət Hacıyev ("Xəzər Lənkəran 42"nin təsisçisi və direktoru):
"İlyas Səfərzadə ilə Elvin Mirzəyevi sıralarımıza qatana qədər onlar Tacikistanda çıxış etmişdi. Hər ikisi bizə qoşulanda demişdi ki, peşəkar müqaviləmiz yoxdu. Biz də onlara inanmışdıq. Sən demə, 2022-ci ilin dekabrına kimi Tacikistan təmsilçisiylə müqavilələri olub. Region Liqası da ötən ilin noyabrında start götürüb. Yəni bir ay sonra bizə qoşulsaydılar, heç bir problem olmayacaqdı. İlyas əsas heyət üzvü olmasa da, Elvinə start "11-liy"ində tez-tez güvənirik. Növbəti mövsümlə bağlı hədəflərimiz bəlli deyil. Bəlli strategiya üzrə yola çıxandan sonra bu futbolçuların taleyi ilə bağlı qərar verəcəyik. Texniki məğlubiyyətə rəğmən, mübarizənin 2-ci mərhələsinə hazırlaşırıq. 3:0 və ya 3:1 hesablı məğlubiyyətin elə də fərqi yoxdu. Meydana çıxıb mərhələni keçməyə çalışacağıq. Odu ki, hələ heç nə bitməyib".
Elgün Hüseynov ("Marxal”ın təsisçisi və prezidenti): "Lənkəran təmsilçisinin heyətində peşəkar müqaviləsi olan oyunçuları biz aşkarladıq və dərhal da AFFA-ya şikayət etdik. Əslində texniki məğlubiyyət yox, rəqibin turnirdən kənarlaşdırılmasını gözləyirdik. Çünki onlar çempionat ərzində, hətta "Ağsu 06" ilə pley-off matçında da həmin futbolçuların xidmətində yararlanıb. Amma problem yoxdu, meydana çıxıb üstünlüyümüzü sübut edəcəyik. Necə ki, ilk oyunda rəqibi 3:1 hesabıyla məğlub etdik. Hazırda 3 top fərqiylə öndə olsaq da, mərhələ keçdiyimizi düşünmürəm. Odu ki, Lənkəranda hər şey yenidən başlayacaq".
ABDULLA İSMAYILOĞLU