Geridə qalan 33 turdan sonra turnir cədvəlinə 84 xalla başçılıq edən “Qarabağ”ı 77 xalla “Sabah” izləyir. Statistika növbəti çempionluğu rəsmiləşdirmək üçün “köhlən atlar”a cəmi bir qələbənin lazım olduğunu göstərir. Çox güman, ağdamlılar iki gün sonra – mayın 13-də “ASCO Arena”da “Səbail”lə qarşılaşmada titulu təmin edəcək. Mövsümün əvvəlindən turnir cədvəlinin “zirzəmi”sində məskunlaşan “dənizçilər”in sensasiyaya imza atması çətin görünür.
“Qarabağ” ölkə çempionatında 2022/23 mövsümünü böyük ehtimalla major notda başa vuracaq. Çünki bombardirlərin mübarizəsində də zirvəni bu komandanın futbolçuları bölüşür. Musa Qurbanlı ilə Ramil Şeydayev hərəyə 20 qolla rəqiblərinə yuxarıdan aşağı baxır. Musa premyer-liqada 29 dəfə yaşıl meydanda mübarizə aparıb. Bütün matçlarda çıxış edən Ramil 6 məhsuldar ötürmə veribsə, Musa bunu 7 dəfə bacarıb. Bombardirlərin mübarizəsinin qalibi də böyük ehtimalla adı çəkilən futbolçulardan biri olacaq. Çünkü üçüncü pillədə qərarlaşan “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin hesabında 17 top var. Onun komanda yoldaşı Aleksey Kaşukla “Neftçi”nin kapitanı Emin Mahmudov isə hərəyə 16 dəfə fərqlənib. Bir sözlə, izləyicilərinin liderlərə çatması o qədər də real görünmür. Məsələ ilə bağlı müraciət etdiyimiz sabiq futbolçu-bomdardirlər də fərqli düşünmür.
Kənan Kərimov:
“Lider futbolçuların azərbaycanlı olması sevindirici haldı. Statistika göstərir ki, Ramil Şeydayev əsas heyətdə oynamaq baxımından daha çox şans qazanır. Son 3 turda hansının daha çox meydanda olacağı hələ bəlli deyil. Buna baxmayaraq, hər ikisinin şansını bərabər qiymətləndirirəm. Məncə, hər şey artıq şansa qalıb. Kim daha çox oynasa, bu yarışı da o qazanacaq. Əsas Azərbaycan futbolunda belə bacarıqlı futbolçu sayının çox olmasıdı. Ümid edirəm ki, bundan sonra da eyni tempdə davam edəcəklər. Hər ikisinə uğurlar arzulayıram”.
Samir Musayev:
“Mən birmənalı şəkildə Musa Qurbanlının daha şanslı olduğunu düşünürəm. Həm gəncdi, həm də istəkli. Hücumçu kimi daha üstün performans sərgiləyir. Hər ikisi “Qarabağ”ın futbolçusu olsa da, istəyərəm ki, Musa qalib olsun. Ramil Şeydayev qolların yarısını penaltidən vurubsa, Musa bunu oyunun gedişində bacarıb. Ramilin üstünlüyü təcrübəsindədi. O, daha çox qarşılaşmada iştirak edib. Hazırda Musanın Ramillə rəqabət aparması alqışalayiqdi”.
KƏNAN BAHADIR




