Premyer-liqada hər tur maraqlı oyunlar və qeyri-adi nəticələr ilə yadda qalır.
"Football-plus.az" xəbər verir ki, hesabat turunda çempionluğa iddialılar – “Mançester Siti” ilə “Arsenal” sinxron şəkildə qələbə qazandısa, 3-cü yer uğrunda oynayan “Nyukasl”la “Mançester Yunayted” uduzdu. Belədə ardıcıl 6-cı qələbəni bayram edən “Liverpul”un “ÇL zonası”na düşmək iştahı bir qədər də artdı. Bir sözlə, həmişə olduğu kimi, bu il də İngiltərədə bizi maraqlı sonluq gözləyir.
Lider MS “Lids”lə oyunun ilk yarısından sonra artıq 4 və ya 5 top irəlidə olmalıydı. Ancaq tabloda yalnız 2:0 hesabı yanırdı. Mançesterlilər çoxlu qol imkanından ikisini reallaşdıra bildi: Mahrezin ötürmələrindən sonra Gündoğan dubl etdi. “Lids” ilk yarıda yalnız Makkenninin təhlükəli zərbəsi ilə yadda qaldı. Vəssalam! Belə çətin oyunda “ağlar”ın baş məşqçisi kimi debüt etməli olan Sem Ellerdaysın halına acımağa dəyərdi. 2-ci hissədə də heç nə dəyişmədi. Sadəcə, “Real”la bugünkü oyunu düşünən “şəhərlilər” tempi bir qədər aşağı saldı. “Lids” yenə heç nə yaratmadı, Holann isə qol vəziyyətlərini bir-birinin arxasınca “dəfn edirdi”. Oyunda son nöqtə 84-cü dəqiqədə qoyulmalıydı. Ancaq Fodenin qazandığı penalti zamanı het-trik istəyi ilə “nöqtə”yə yaxınlaşan Gündoğan topu dirəyə vurdu. Cavab hücumunda isə Akanci səhv etdi və Rodriqo fərqi azaltdı. Mançesterlilərin bəxti onda gətirdi ki, rəqib, sadəcə, heç-heçənin mümkünlüyünə inanmadı və qalan vaxt ərzində Edersonun qapısına yüklənmədi. “Siti” “Etihad”a toplaşanları bir qədər həyəcanlandırsa da, hər halda, qələbəni qoruya bildi. “Lids”in isə bir ayağı artıq çempionşipdədi.
“Nyukasl” – “Arsenal” oyunu çox gərgin və maraqlı alındı. Qol sayı çox olmasa da, oyun əvvəldən sona qədər diqqəti cəlb etdi. 3 xal isə hələ də çempionluq iddiasını qoruyan qonaqların hesabına yazıldı. Debütdə “sağsağanlar” ardıcıl hücumlarla rəqib müdafiəsini yarmağa çalışdı, top möcüzəvi şəkildə Remsdeylin qoruduğu qapıdan keçmədi. Eddi Haunun yetirmələrinin penalti vurmaq istəyini VAR əngəllədi. Məhz bu epizod londonluları ayıltdı və onlar elə ilk imkanı qola çevirdi. 14-cü dəqiqədə Edeqor 25 metrdən zərbə ilə hesabı açdı. Bundan sonra oyunun axarı daha maraqlı xarakter aldı, gah bu, gah da digər qapının önündə təhlükəli vəziyyət yaranırdı. “Nyukasl” müəyyən ərazi üstünlüyünə malik olsa da, “Arsenal”ın qol vəziyyətləri daha çox idi. Fasilədən sonra təzyiqi artıran meydan sahibləri 2-ci dəfə qapı çatını silkələdi. Mikel Artetanın yetirmələri də müdafiə olunmaq istəmir, hücuma hücumla cavab verirdi. Və 2-ci hissədə də təhlükəli vəziyyətdən “Arsenal” yararlandı. Martinellinin asmasından sonra Şer topu öz qapısına göndərdi. 0:2-dən sonra “Nyukasl”ın məğlubiyyətdən qurtulması çətin idi.
MY bu turdan sonra 3-cü ola bilərdi, ancaq “Nyukasl”ın büdrəməsindən yararlanmağı bacarmadı. Üstəlik “Liverpul” da “qırmızı şeytanlar”a isti nəfəsini hiss etdirir. Mankunianlar səfərdə elitada yerini qorumağa çalışan “Vest Hem”ə uduzdu. Oyun elə təsir bağışladı ki, “çəkicdöyənlər” turnir cədvəlinin yuxarı hissəsində qərarlaşıb, MY isə zirzəmidə. Meydan sahibləri qonaqları tam üstələdi. Düzdü, Ten Haqın komandası debütdə bir neçə qol vəziyyəti yaratdı. Hissənin ortalarında isə Benrahma uzadan zərbə ilə De Xeanın cari mövsümdəki 4-cü kobud səhvindən sonra hesabı açdı. “Vest Hem” fasilədən sonra daha yaxşı oynadı, təhlükəli vəziyyətləri sıraladı, top hətta iki dəfə qonaqların qapısından keçdi, ancaq qollar qayda pozuntusuna və ofsayda görə ləğv olundu. Londonlular fərqi artırmağq çox yaxın idi. Yalnız sonda canlanan “Yunayted” hesabı bərabərləşdirə bilmədi. Ardıcıl 2-ci məğlubiyyətlə üzləşən mankunianların 3-cü yerə iddiası azaldısa, “çəkicdöyənlər”, demək olar ki, elitada qalmaq vəzifəsinin öhdəsindən gəldi.
“Liverpul” minimal hesablı qələbə kolleksiyasını zənginləşdirməkdədi. Bu dəfə “Brentford” məğlub edildi. Hərçənd oyunun “top-4”də yer almaq istəyən komanda üçün asan keçdiyini demək olmaz. “Qırmızılar” ilk yarıda böyük qüvvə ilə irəli atılmaqla rəqibi müdafiə olunmağa məcbur etdi. Bu təzyiq artıq 13-cü dəqiqədə Salahın hesabı açmasıyla nəticələndi. 30-cu dəqiqədən sonra oyunun axarı dəyişdi. Artıq “Liverpul” müdafiəyə çəkilməli oldu. 2-ci hissə də hesabı bərabərləşdirmək istəyən londonluların üstünlüyü şəraitində keçdi. “Qırmızılar” yalnız sona yaxın topa nəzarəti ələ keçirə bildi və ardıcıl 6-cı qələbəni əldən vermədi.
“Tottenhem” qələbəsiz oyunlar seriyasını 4-də dayandırdı. “Mahmızlar” “Kristal Pelas”ı Keynin vurduğu qolla məğlub etməklə “avrokubok zonası”nda yerini qorudu. “Aston Villa” isə bu mənada işini çətinə saldı. Emerinin gəlişindən sonra böyük yüksəliş yaşayan birmingemlilər bu dəfə səfərdə “Vulverhempton”a uduzdu.
“Çelsi” azarkeşləri Lempardın rəhbərliyi altındakı ilk qələbəni uzun müddət gözləməli oldu. Nəhayət, bütün turnirləri əhatə edən 6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu. İlk yarı 1:1 hesabıyla bitdi. 2-ci hissədə qol vəziyyətlərinin sayı o qədər də çox olmadı. “Çelsi” əsasən top fırlamaqla məşğu olsa da, 82-ci dəqiqədə gözlənilmədən hesabda irəli çıxdı. Cərimə zərbəsinin ardından Badyaşil hesabı dəyişdi, 5 dəqiqə sonra yenicə meydana çıxan Feliş oyunda son nöqtəni qoydu.
Turun dünən keçirilən son üç oyununda “Fulhem”, “Everton” və “Nottingem Forest” qalib gəldi.
35-ci tur
Mançester Siti – Lids 2:1
Gündoğan, 19; 27 – Rodriqo, 85. (53406)
MS: Ederson, Ake (Uoker, 55), Lyaport, Akanci, Lüis, Gündoğan (Rodri, 90+3), Foden, De Bruyne, Alvares (B.Silva, 87), Mahrez, Holann.
Nyukasl – Arsenal 0:2
Edeqor, 14. Şer, 71-öz qapısına. (50267)
Nyukasl: Poup, Bern (Targett, 81), Botman, Şer, Trippyer, Joelinton (Anderson, 81), Gimarayns, Uillok (Sen-Maksimen, 78), Uilson (Qordon, 78), İsak, Merfi (Almiron, 65).
Arsenal: Remsdeyl, Zinçenko (Tirni, 61), Qabriel, Kivyor, Uayt, Edeqor (Parti, 80), Jorjinyo, Caka, Martinelli (Trossar, 80), Jezus (Nketia, 86), Saka (Nelson, 86).
Vest Hem – Mançester Yunayted 1:0
Benrahma, 27. (62477)
MY: De Xea, Malasia (Fred, 88), Şou, Lindelöf, Van-Bissaka (Dalot, 88), Eriksen (Zabitser, 74), Kazemiro, Fernandeş, Reşford, Veqhorst (Marsyal, 57), Antoni (Sanço, 74).
Liverpul – Brentford 1:0
Salah, 13. (52838)
Liverpul: Alisson, Robertson (Simikas, 82), Van Diyk, Konate, Aleksander-Arnold, Fabinyo, Cons (Milner, 82), Jota (Henderson, 73), Qakpo, Salah, Nunyes (Dias, 65).
Tottenhem – Kristal Pelas 1:0
Keyn, 45+1. (61093)
Tottenhem: Forster, Devis, Lanqle (Dayer, 88), Romero, Porro, Skipp, Heybyerq, Emerson, Rişarlison (Kulusevski, 79), Son Hın Min (Qruneveld, 88), Keyn.
Bornmut – Çelsi 1:3
Vinya, 21 – Qallaher, 9. Badyaşil, 82. Feliş, 87. (10357)
Çelsi: Kepa, Çiluell (Aspilikueta, 76), Badyaşil, Silva, Çaloba, Kante (Loftus-Çik, 63), Fernandes, Qallaher, Mudrik (Sterlinq, 63), Haverts (Feliş, 84), Madueke (Ziyeş, 76).
Vulverhempton – Aston Villa 1:0
Toti, 9. (31641)
Fulhem – Lester 5:3
Brayton – Everton 1:5
Nottingem Forest – Sauthempton 4:3
1. Mançester Siti 34 26 4 4 89-31 82
2. Arsenal 35 25 6 4 83-39 81
3. Nyukasl 34 18 11 5 61-29 65
4. Mançester Y. 34 19 6 9 49-41 63
5. Liverpul 35 18 8 9 67-42 62
6. Tottenhem 35 17 6 12 64-57 57
7. Brayton 32 16 7 9 62-40 55
8. Aston Villa 35 16 6 13 46-43 54
9. Brentford 35 12 14 9 52-45 50
10. Fulhem 34 13 6 15 45-46 45
11. Çelsi 34 11 9 14 34-39 42
12. Kristal Pelas 35 10 10 15 35-46 40
13. Vulverhempton 35 11 7 17 30-50 40
14. Bornmut 35 11 6 18 37-67 39
15. Vest Hem 35 10 7 18 38-50 37
16. Lester 34 8 6 20 46-59 30
17. Lids 35 7 9 19 44-69 30
18. Nottingem Forest 34 7 9 18 30-62 30
19. Everton 34 6 11 17 27-52 29
20. Sauthempton 34 6 6 22 28-60 24
Bombardirlər: Holann (Mançester Siti) – 35, Keyn (Tottenhem) – 26, Touni (Brentford) - 20.
Növbəti turun oyunları mayın 13-15-i aralığında keçiriləcək: Lids – Nyukasl, Aston Villa – Tottenhem, Çelsi – Nottingem Forest, Kristal Pelas – Bornmut, Mançester Yunayted – Vulverhempton, Sauthempton – Fulhem, Brentford – Vest Hem, Everton – Mançester Siti, Arsenal – Brayton, Lester – Liverpul.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Çətin vəziyyətin öhdəsindən gələn, vacib qələbə qazanan futbolçularımla qürur duyuram. Tərəqqi prosesini dayandırmamalıyıq. İrəlidə hələ bir neçə oyun var, çempionluq uğrunda mübarizə aparmaq mümkündü”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Möhtəşəm oyun keçirdik, topa yaxşı nəzarət etdik. 2-ci hissəyə gəlincə, unutmaq lazım deyil ki, ciddi psixoloji təzyiq altında son 6 gündə 3-cü oyunumuz keçirdik. “Arsenal”la oyundan sonra gücümüz tükənsə də, “Fulhem” və “Vest Hem” kimi güclü rəqiblərlə oyunlarda da irəli getdik. Gündoğan haqda nə deyə bilərəm? O, hər şey etməyə qadirdi – rəqibi saxlaya, hücum edə bilir, çox ağıllıdı. Komandamızda olmasına görə şadıq. Holann penalti imkanını Gündoğana buraxmaqla səxavətini göstərdi. Ancaq onda oyun hələ bitməmişdi. Həmin vaxt hesab 4:0 olsaydı, yaxşı. Ancaq 2:0 olanda belə etmək olmaz. Erlinq penalti zərbələrinin ustasıdı və özü vurmalıydı. Gündoğan penaltini qola çevirsəydi, hər kəs deyəcəkdi, “het-trik, əla, əhsən”. Ancaq komandada əsas penalti icraçısı boşuna müəyyənləşməyib”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “İlk yarıda yetərincə yaxşı oynadıq, çoxlu qol vəziyyəti yaratdıq, ancaq rəqib elə ilk imkandan yararlandı. Əlbəttə, nəticəyə görə məyusam, məğlubiyyətin günahkarı özümüzük. Miladdan bəri ilk dəfə boş həftəmiz var, gücümüzü bərpa etməliyik, ona görə ki, son oyunlarda 2-ci hissəni səviyyəmizdən aşağı keçirmişik. De Xea mövsüm ərzində başqalarından daha çox “quru” oyun keçirib, biz buna komanda kimi nail olmuşuq. Bu futboldu, səhvlər olur, ancaq bunlara görə məsuliyyəti hamı daşımalıdı”.
Faktlar
* Keyn premyer-liqa tarixinin bombardirləri siyahısında təmiz 2-ci yerə yüksəldi. 29 yaşlı hecumçu 317 oyunda 209 qol vurub. Keyn MY və “Everton”un heyətondə 491 oyunda 208 qol vuran Ueyn Runini arxada qoydu. Premyer-liqanın bombardiri hələ 441 oyunda 260 qol vuran Alan Şirerdi.
* MS məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırdı. Premyer-liqada ardıcıl 10-cu qələbəsini qazanan “şəhərlilər” sonuncu dəfə fevralın 18-də - “Nottingem Forest”lə oyunda (1:1) xal itirib. Bütün turnirləri nəzərə alsaq, “Siti” fevralın 5-də “Tottenhem”dən aldığı məğlubiyyətdən (0:1) sonra 17 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
* Salah “Liverpul”un heyətində qol sayına görə Cerrarda çatdı. Bombardirlər siyahısında 5-ci yeri bölüşən futbolçuların hesabında 186 qol var. Klub tarixinin bombardiri İan Raşdı (346). Salah “Brentford”la oyunda “Enfild”dəki 100-cq qolunu vurdu.
* Alisson “Liverpul”un heyətində bütün turnirlərdə 100-cü quru oyununu keçirdi. Mersisaydlıların rekordçusu 323 oyunda qapını toxunulmaz saxlayan Rey Klemensdi. Bu göstəricidə “top-6”ya Bryus Qrobbelar (267), Xose Reyna (177), Elişa Skott (137), Tommi Lourens (133) və Devid Ceyms (102) də daxildi.
* MY premyer-liqa tarixində 3-cü dəfə mövsüm ərzində səfərdə 8-ci dəfə uduzdu. Komanda 2015/16-da və ötən mövsüm də belə aqibətlə üzləşmişdi.
Turun rəqəmi
100 – Keyn premyer-liqada ev oyunlarında qol sayını bu həddə çatdırdı. Harri həm də premyer-liqa tarixinə bir mövsümdə başla 10 qol vuran ilk futbolçu kimi düşdü. O, İngiltərə çempionatında ev və səfər oyunlarının hər birində 100 qol vurmağı bacaran ilk futbolçudu.
Turun ulduzu
İlkay Gündoğan (Mançester Siti) – mövsümün elə çağıdı ki, artıq təcrübəli oyunçular səhnəyə çıxmalı, komandanı çempionluğa daşımalıdı. İlkay cari mövsümdə o qədər çox fərqlənməyib. Ancaq “Lids” üzərindəki qələbənin memarı odu. Penaltini qola çevirsəydi, lap yaxşı, amma dubl da kifayət etdi.
Turun sitatı
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Mançester Yunayted” ehtiyatda qalan oyunda qalib gəlsə, fərq artacaq və prinsipcə hər şey bitəcək. Biz bunu bilirik. “Brayton”un da ehtiyatda qalan oyunlarda qalib gəlib bizi keçməsi mümkündü. Çox maraqlı dönəmə qədəm qoymuşuq. Heç nə həll olunmayıb və bu yaxşıdı”.