"Football-plus.az" xəbər verir ki, ''Çelsi'' tarixinin ən məhsuldar oyunçusu statusunda olan və bu klubda böyük uğurlar qazanan Lempard londonluların əvvəlki sahibi Roman Abramoviçi tənqid edib:
''Mən həmişə tez-tez məşqçi dəyişən komandanın bir parçası olmuşam. Düzdü, geriyə boylananda demək olar ki, karyeram uğurlu alınıb. 3 dəfə premyer-liqanın çempionu olmuşam. Amma bu titulu 5-6 dəfə də qazana bilərdim. Bizdə sabitlik olsaydı və yalnız bir istiqamətdə hərəkət etsəydik, belə də olardı. Fikrimcə, tez-tez məşqçi dəyişmək, yanlış addım idi''.
Qeyd edək ki, Abramoviç 2003-22-ci illərdə "Çelsi"nin sahibi olub. Bu müddətdə klubda 13 fərqli məşqçi işləyib. 44 yaşlı Lempardın məhz indi - özü qovulmaq üzrə olarkən bu cür açıqlama verməsi, çox güman, onun işini itirmək istəməməsi ilə bağlıdı. O, hər nə qədər güclü futbolçu olsa da, məşqçi kimi çox zəifdi. Yanvarda ''Everton''dan qovulan Lempard bu yaxınlarda ''Çelsi''nin müvəqqəti məşqçisi təyin olundu. Amma nəticələr o qədər bərbaddı ki, Lempard heç müvəqqəti məşqçi vəzifəsinin də öhdəsindən gələ bilmir. Yaxın günlərdə onu Mourisio Poçettinonun əvəzləyəcəyi istisna edilmir. ''Çelsi'' Lempardın təyinatından bu yana keçirdiyi 5 rəsmi oyunun hamısında məğlub olub və premyer-liqada 32 oyuna topladığı 39 xalla 12-ci pillədə qərarlaşıb. Özü də komanda qalan 6 oyunun 4-nü ilk ''4-lük''də qərarlaşanlara qarşı keçirəcək. Ona görə də ''Çelsi''nin elitanı tərk etmək ehtimalı indi İngiltərə futbolunda ən çox müzakirə olunan mövzulardandı.




