“Bunu azarkeşlərin qarşısında xüsusi jestlərlə qeyd etməsini fanatlarımız həzm edə bilmədi”

27.04.2023 18:21 376
Premyer-liqa / Manşet
"Sumqayıt" - "Qəbələ" oyununda qonaqların forvardı Felipe Santos komandasının qələbə qolunu vurandan sonra tribunaya yaxınlaşaraq qol sevincini yerli azarkeşlərin gözü önündə qeyd edərək onları qıcıqlandırdı.

Sumqayıt fanatları da buna görə “sambaçı”nı plastik butulka atəşinə tutdu. Asayiş keşikçiləri isə özünü yaxşı aparmayan yerli azarkeşlərdən birini saxlayaraq, oyun başa çatmadan tribunadan uzaqlaşdırdı.

"Football-plus.az" saytı olaraq hər iki olayla bağlı "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədovun fikrini öyrəndik:

"Azarkeşlərin rəqib futbolçuya butulka atılmasını böyütmək düz deyil. Oyunun son dəqiqələrində gözləmədiyimiz halda qol buraxmağımız, rəqib futbolçunun da bunu azarkeşlərin qarşısında xüsusi jestlərlə qeyd etməsini fanatlarımız həzm edə bilmədi və buna emosional şəkildə etiraz etdi. Futbolda belə hallara tez-tez rast gəlinir. Özünü yaxşı aparmayan azarkeşin polislər tərəfindən stadiondan uzaqlaşdırılmasına gəlincə, bu barədə məlumatlı deyiləm. Ona görə də detallı açıqlama verə bilmərəm".


ABDULLA İSMAYILOĞLU