Misli premyer-liqasının 4-cü turunun son qarşılaşması olan "Qəbələ" - "Sabah" matçında diqqət çəkən məqamlardan biri də Coy-Lens Mikelsin komandasının 2-ci qolunu vurandan sonra sevincini meydan sahiblərinin azarkeşlərinin yer aldığı sektorun qarşısında qeyd etməsi idi.
Qonaqların legionerinin bu hərəkəti həm yerli azarkeşlərin, həm də "Qəbələ"nin futbolçularının kəskin etirazına səbəb oldu. Hətta meydanda bir neçə dəqiqə ərzində qarşıqlıq yarandı.
"Football-plus.az" saytı olaraq "Red Black Army" azarkeş qrupunun fəal üzvü Nəriman Təbrizdən orda nə baş verdiyini soruşduq:
"Red Black Army" azarkeş qrupu həmişə təmkini, intizamı, dözümlülüyü ilə diqqəti çəkib. Heç kim deyə bilməz ki, bizim qrup hansısa matçda qarşıdurma, çaxnaşma yaradıb. "Sabah"ın futbolçusu qol vurandan sonra bizim yer aldığımız sektora yaxınlaşaraq rəqs edib qıcıq verdi. Dünya futbolunda da bu xoş qarşılanmayan bir hadisədi ki, hansısa bir futbolçu rəqib komandanın azarkeşlərini qıcıqlandırsın. Hətta Türkiyədə bu hal qəbulolunmazdı. "Qalatasaray" - "Fənərbaxça" matçlarında dəfərlə belə hallar olub və rəqib azarkeşlərə hörmətsizlik edən futbolçu ilə bağlı ciddi tədbirlər görülüb. Rəqs etmək bir kənara, Coy-Lens Mikels əliylə bizə cinsiyyət orqanını göstərərək də qıcıq verdi. Məhz bundan sonra azarkeş qrupumuz daha da coşdu. Futbolçumuz Ruan Renato da buna görə rəqib futbolçunu itələdi. Biz futbolçularımızla sıx bağlıyıq. Bizim üçün futbolçuya qarşı təhqir azarkeşlərə, azarkeşlərə ünvanlanan təhqir isə futbolçuya edilmiş sayılır. Çox təəssüf ki, "Sabah"ın futbolçusunun tərbiyəsiz hərəkəti kəsilərək matç zamanı yayınlanmadı. Hətta ayrıca epizod olaraq da göstərilmədi".
Təbii ki, bu, Nəriman bəyin fikridi. Ancaq bu yazını hazırlayarkən həmin epizodun, yəni Mikelin qol sevincinin videoyazısına dəfələrlə baxdıq. Legioner yarımmüdafiəçinin hansısa qeyri-etik jestə əl atdığını görə bilmədik. Matçın canlı yayını zamanı o hissənin necə kəsilə biləcəyini də təsəvvür etmirik...
ABDULLA İSMAYILOĞLU