Çempionlar Liqasının finalı ilə bağlı sürpriz, hətta sensasiyalı sayıla biləcək bir xəbər yayılıb.
Bilindiyi kimi, bu il Avropanın ən mötəbər klub turnirinin həlledici oyununa iyunun 10-da İstanbulun “Atatürk Olimpiya” stadionu evsahibliyi edəcək.
"Football-plus.az" xəbər verir ki, artıq finalın rəsmi topu da təqdim olunub və biletlər də satışa çıxıb. Finala iki aydan da az qalmış ingilislər yenə “yuyulmamış çömçə” kimi ortaya düşüblər. İngiltərə mətbuatının ortaya atdığı iddiaya görə, final yenidən Türkiyənin əlindən alına bilər! Bilindiyi kimi mayın 14-də, yəni finala 1 aydan da az vaxt qalmış Türkiyədə prezident və parlament seçkisi keçiriləcək.
İngiltərənin “İndependent” nəşrinin bu mövzudakı xəbərini olduğu kimi diqqətinizə çatdırırıq:
“Seçki üzündən hazırda İstanbulda və Türkiyədə gərgin, heç də yaxşı olmayan ab-hava var. Siyasi mütəxəssislərin fikrincə, kimin qalib gəlməsindən asılı olmayaraq, belə ab-hava seçkidən sonra da davam edəcək. UEFA məsələni diqqətdə saxlayır. Bu cür durum davam edərsə, UEFA finalın yerini dəyişə bilər. Artıq UEFA bu cür məsələlərdə çox təcrübəlidi. Çünki son üç mövsümün hər birində ÇL-in finalının stadionları dəyişdirilib”.
Düzdü, qardaş ölkədə seçkiönü ajiotaj indidən hiss olunur. Ən son “ORC Araşdırma Mərkəzi”nin İstanbul, Bursa, Kocaeli və Sakaryada apardığı soğuların nəticələri onu göstərir ki, Milliyətçi Hərəkat Partiyasında, eləcə də Ədalət və İnkişaf Partiyasında eniş var. Səslər həqiqətən bir-birinə çox yaxındı. Amma ÇL-in finalının bu məsələyə nə aidiyyatı var?! Hər halda, qardaş ölkədə heç bir vətəndaş müharibəsi gözlənilmir. Həlledici oyunun İstanbuldan alınması üçün heç bir ciddi əsas yoxdu. Türkiyə finalın təhlükəsizliyi ilə bağlı UEFA-ya artıqlamasıyla zəmanət verib. Bəlkə ingilislər AÇ-2028 uğrunda mübarizə baxımından türkləri gözdən salmaq istəyir? Çünki həmin turnirə evsahibliyi etmək uğrunda mübarizədə Böyük Britaniya ölkələrinin əsas rəqibinin Türkiyə olacağı gözlənilir.
UEFA ingilislərin çaldığı hava ilə oynayıb növbəti dəfə Türkiyəni ÇL-in finalından məhrum etsə, bu artıq əsil rəzalət olacaq! Çünki zatən son 3 ildə bu final iki dəfə Türkiyədən alınıb. 2019/20-də, bilindiyi kimi, pandemiya üzündən ÇL-in formatı dəyişmiş və final İstanbuldan alınaraq Lissabona verilmişdi. 2020/21-də isə finala iki İngiltərə təmsilçisi – “Çelsi” ilə “Mançester Siti”nin yüksəlməsi Türkiyə üçün durumu qəlizləşdirmişdi. Türkiyə İngiltərə hökumətinin pandemiya zamanı müəyyənləşdirdiyi qırmızı siyahıya daxil olduğu üçün bu dəfə final İstanbuldan alınaraq Portuqaliyanın digər şəhəri Portuya verilmişdi. Maraqlıdı ki, ötən mövsüm də final əvvəlcədən planlaşdırıldığı stadionda keçirilmədi. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi oldu. Nəticədə final Sankt-Peterburqdan alınaraq Parisə verildi.
ƏLİ