"Football-plus.az" xəbər verir ki, bu barədə yerli “footballnews24.it” saytı məlumat yayıb. Bildirilib ki, gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini milli üzvü ilə gücləndirməkdə maraqlıdı. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Vaqnat daha bir qafqazlının A seriyası üçün yeni kəşf olacağına inanır.
Ümumiyyətlə, Musa Qurbanlının "Torino"ya transferi komandanın baş məşqçisi İvan Yuriçdən asılıdı. “Sportcafe24.com" saytının məlumatına görə, xorvatiyalı mütəxəssisin əsas hədəfi hazırda "Spetsiya"da çıxış edən anqolalı Mbala Nzoladı. Yuriç yay “transfer pəncərəsi”ndə daha hazırlıqlı hücumçunun alınmasını istəyir. Amma yerli nəşr hesab edir ki, azərbaycanlı forvard "Torino"nun yatırım etməyə hazır olduğu istedaddı: "Turin təmsilçisi gələcəyin komandasını formalaşdırmaq üçün ön xəttə münasib qiymətə lider axtarır. Qurbanlı təxminən 5 milyon avro dəyərindədi və növbəti mövsüm komandanın sürpriz hücumçusu ola bilər".
Bundan başqa, 21 yaşlı futbolçunun "Torino"ya keçmək ehtimalının 25 faiz olduğu vurğulanıb.
Görəsən, “Qarabağ” bu haqda nə düşünür? Musa Qurbanlı üçün Ağdam təmsilçisinə müraciət olunub? Premyer-liqanın hazırkı bombardiri yayda “köhlən atlar”ı tərk edə bilər? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavabladı:
“Baş məşqçimiz də bir neçə gün öncə mətbuata açıqlamasında bildirmişdi ki, futbolçularımızla maraqlananlar çoxdu. Amma “Torino”un Musa ilə maraqlanması həqiqəti əks etdirmir. Bizimlə nə rəsmi, nə də şifahi şəkildə futbolçunun adı çəkilən kluba keçidi ilə bağlı müzakirə olub. Kəsəsi, məlumat həqiqəti əks etdirmir”.
Redaksiyamıza məsələ ilə bağlı maraqlı informasiya daxil olub. “Torino”nun Musa ilə bağlı konkret hansısa təması yoxdu. Yəni turinlilər nə klub, nə də futbolçunun meneceri ilə danışıq aparıb. Lakin forvardla yaşına və göstəridiyi oyuna görə maraqlananlar var. Sadəcə, siyahıda olan klublar arasında İtaliyadan kimsə yoxdu. Musa ilə Niderland, Belçika, Danimarka və Avstriya təmsilçiləri maraqlanır. Lakin hazırda onun transferi müzakirə mövzusu deyil.
İLKİN SULTANLI



