“Rokit” şirkəti məhkəmə yolu ilə “Formula-1” komandalarından “Uilyams”dan çoxmilyonluq təzminat almaq istəyir.
"Football-plus.az" xəbər verir ki, “Autosport”un yaydığı xəbərə görə, adı çəkilən şirkət 149 milyon dollarlıq iddia qaldırıb. Komandanın sabiq titul sponsoru belə hesab edir ki, “Uilyams” imicə dəyən zərəri kompensasiya etməlidi. “Rokit”in rəhbərliyi iddia edir ki, komanda maşının 2019 mövsümündə rəqabətədavamlı olacağına dair söz verib. Amma komanda sonda cəmi 1 xal qazanıb və Mühəndislər kubokunda sonuncu yeri tutub. “Rokit”in məhkəməyə ünvanladığı iddiada cavabdeh qismində “Uilyams”la yanaşı, bu komandanın sabiq bossları da göstərilib: rəhbərin müavini Kler Uilyams, icraçı direktor Mayk О’Driskoll və maliyyə direktoru Daq Lafferti.
“Uilyams”la “Rokit” arasındakı müqavilə 2020 mövsümünün startı ərəfəsində pozulub. Komandanın həmin vaxt yaydığı xəbərə görə, sponsor ödənişilərinin gecikməsi üzündən. Ardından komanda buna görə məhkəmədə “Rokit”dən kompensasiya da alıb. İndi isə “Rokit” məhkəmə iddiasında bildirir ki, “maşın əvvəlcədən yüksək nəticə göstərməyə qadir olmayıb, cavabdehlər də bunu bildikləri halda gizlədiblər”. İddiada o da vurğulanır ki, “cavabdehlər “Williams Engineering”in bolidi inkişaf etdirmək üçün, sadəcə, yetərincə pulunun olmadığını bildikləri təqdirdə qəsdən və aldatma yolu ilə bu faktı da gizlədiblər”.
Şirkət adının və işgüzar imicinin zərər çəkdiyinə əmindi, bu üzdən zərərin əvəzi kimi 149 milyon 528 min 550 dollar ödənilməsini tələb edir. Adı çəkilən “Formula-1” komandası isə məhkəməyə verilməsinə belə münasibət bildirib: “Uilyams” bu saxta ittihamlardan xəbərdardı. Böyük Britaniya məhkəməsində “Rokit”ə qalib gəlmişik, ABŞ-da da həmin qərarın təsdiqlənməsinə nail olmuşuq. “Uilyams” bu arzuolunmaz hadisəyə münasibətdə məhkəməyə etibar etməkdədi”.