“Football-plus.az” xəbər verir ki, bu hərəkəti FİFA dərəcəsi olan Fernando Ernandes edib. O, ölkə çempionatının 13-cü turunun “Amerika” – “Leon” matçında (2:2) diqqət mərkəzinə düşüb. Futbolda nadir təsadüf edilən məqam 66-cı dəqiqədə baş verib. Qonaq futbolçular hakimin onların qapısına vurulan qolu qeydə almasına etiraz ediblər. Referi qolu vuran “Amerika”nın hücumçusu Dieqo Valdesə və “Leon”un müdafiəçisi Stiven Barreyroya xəbərdarlıq edib. Bu sanksiyalar arasında onun qarşısında qonaqların yarımmüdafiəçisi Lukas Romero peyda olub. Ola bilsin ki, argentinalı futbolçu hakimə nəsə deyib. Referi isə Barreyroya sarı vərəqə göstərərkən Lukasın qasıq nahiyəsinə dizi ilə zərbə endirib! Futbolçu zərbə nəticəsində yerə yıxılıb.
Yerli mənbələrin məlumatına görə, 39 yaşlı hakim matçdan dərhal sonra Romerodan üzr istəmək üçün “Leon”un avtobusuna gedib. Vəziyyətin ciddiliyini nəzərə alan Ernandes ertəsi gün sosial şəbəkə vasitəsilə hərəkətinə görə üzr istəyib. O, “instaqram” hesabında bu cümlələri yazıb:
“Dünən verdiyim reaksiyaya görə azarkeşlərdən və ümumilikdə ictimaiyyətdən, həmçinin Lukas Romerodan üzr istəyirəm. Heç vaxt ona və başqa oyunçuya hücum etməzdim. Yolverilməz hərəkətə əl atdığımı bilirəm və liqanın Nizam-İntizam Komissiyasının qəbul edəcəyi istənilən qərarla razılaşacağam”.
Meksika Futbol Federasiyası bu qeyri-adi hadisə ilə bağlı araşdırmaya başlayıb və artıq qərar verilib. Oyunçuya qarşı fiziki zorakılığa görə hakimin azı 15 oyunluq diskvalifikasiya olunacağı, hətta ömürlük futboldan kənarlaşdırıla biləcəyi istisna edilmirdi. Lakin Ernandes, necə deyərlər, canını 12 matçlıq cəza ilə qurtarıb.
