Azarkeşlər Gəncə şəhər stadionuna buraxılmayacaq

14.09.2022 15:51 591
Ölkə futbolu / Manşet
PFL rəhbərliyi həftəsonu Gəncədə olub.

Rəsmilər şəhər stadionunda klubun İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvü, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev və əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüb. Nadiri stadionun ərazisində görülən işlərlə bağlı PFL-in prezidenti Elxan Səmədova məlumat verib. İnşası davam edən Gəncə Futbol Akademiyasının uşaq futbolunun inkişafına təkan verəcəyini bildirən İdarə Heyətinin sədri maddi-texniki bazanın yenilənməsi istiqamətində köklü işlərin aparıldığını qeyd edib. İlqar bəy arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydançanın salınması yönündə fəaliyyətin sürətlə davam etdirildiyini də deyib. Qonaqlar stadionda tribunalara, paltardəyişmə otaqlarına baxıblar. Mövcud durumla bağlı fikir mübadiləsi aparılıb. Əsas meydanın öt örtüyünün vəziyyəti müsbət qiymətləndirilib.

PFL rəsmiləri bugünlərdə klubda işlə təmin olunan Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü”, Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilən Talıb Rzayevlə də görüşüb. Nadiri 9 yaşlılardan ibarət komandada məşqçi işləyən Rzayevin uşaqlara yalnız futbolun sirlərini öyrətmədiyini, eyni zamanda vətənpərvərlik hisslərini aşıladığını vurğulayıb. PFL-in rəhbərliyi stadionda “Kəpəz”in əvəzedici heyəti ilə 19 yaşlılar arasında keçirilən yoxlama oyununu da izləyib.

Görəsən, bu görüş “Kəpəz”in xeyrinə ola bilər? Gəncə təmsilçisi ev oyunlarını doğma meydanda keçirəcək? PFL-in şəhərə səfərinin başqa səbəbi var idi? Bu və başqa sualları PFL-in texniki-idman direktoru Elgiz Abbasova ünvanladıq:

”Ötən həftəsonu Qərb zonasına səfər etdik. Məqsəd qərb derbisini canlı izləmək, “Turan Tovuz” və “Kəpəz” klubunun rəhbərliyi ilə görüşüb müzakirələr aparmaq idi. Oyundan bir gün sonra Gəncə şəhər stadionunda aparılan işlərlə yerində tanış olduq. Sevindirici haldı ki, işlər tam sürətlə davam edir. Hesab edirəm ki, Gəncədə gələcəkdə müasir standartlara cavab verən baza, futbol meydanları fəaliyyət göstərəcək. Sözsüz, biz də istərdik ki, “Kəpəz” öz oyunlarını doğma azarkeşləri önündə keçirsin. Amma bunun üçün stadionun infrastrukturunun standartlara cavab verməsi vacibdi. Azarkeşlərin istəyini başa düşürük, amma onların təhlükəsizliyi bizim üçün daha vacibdi. İndiki məqamda reallığı nəzərə alıb deyə bilərəm ki, əlimizdə yalnız Gəncə şəhər stadionuna azarkeşlərin buraxılmaması ilə bağlı qərar var. Müvafiq dövlət qurumları yeni rəy və qərar verərsə, PFL növbəti addımları ata bilər”.


İLKİN SULTANLI