Sabiq fransalı futbolçu Patris Evra heyəti ulduzlarla dolu olan PSJ haqda tənqidi fikirlər səsləndirib.
"Football-plus.az" xəbər verir ki, Fransa yığması ilə AÇ-2016-nın finalında oynayan, ''Mançester Yunayted''in heyətində isə 2008-də ÇL-in qalibi olan 41 yaşlı Evra bunları deyib:
''Klub rəhbərliyinin bir əsas problemi var. Orda sanki hər oyuncunun ayağına qırmızı xalça sərərək qarşılayırlar. Halbuki bəziləri heç ÇL-də 10 oyun da keçirməyiblər. Daniel Alveş PSJ-də çıxış etdiyi dönəmdə bir dəfə aramızda söhbət oldu. O mənə dedi ki, PSJ heç vaxt ÇL-in qalibi olmayacaq. Çünki burda oyunçular rok ulduzlara çevrilir. Tribunada Bernar Lama kimi insanların əvəzinə Kim Kardaşyan və onun dostlarını görürsən. PSJ şou-biznes klubudu. Futbol onlar üçün prioritet deyil. Mən Parisdə oyuna gedəndə sanki futbola yox, konsertə gedirəm. VİP zonada şampan və yüngül yeməklər tapmaq olar. Bəs klubun sabiqləri hanı? ''Yunayted''in ev oyununa gedəndə orda üzərində mənim adım qeyd olunmuş oturacaq da tapmaq olar. Çünki klubun əfsanələri üçün ayrıca bir yer var. Orda tribunada Leonardo Di Kaprionu görmək mümkün deyil. Çünki ora Hollivud deyil''.