Çoxlarının fikrincə, bu mövsüm neapolluların əla performans sərgiləməsində Viktor Osimhen və Xviça Kvaratsxeliya ilə yanaşı Kimin də böyük rolu var.
"Football-plus.az" xəbər verir ki, bir neçə gün öncə ''Napoli''nin baş məşqçisi Luçano Spalletti 26 yaşlı futbolçunun hazırda onun üçün dünyanın ən yaxşı mərkəz müdafiəçisi olduğunu vurğulamışdı. İndi də yaxın keçmişin tanınmış italiyalı futbolçularından olan Fabio Kannavaro koreyalıya tərif yağdırıb. Müdafiəçi ola-ola ''Qızıl top'' mükafatını qazanmağı bacaran tarixdəki nadir oyunçulardan olan 49 yaşlı Kannavaro bunları deyib:
''Kim Min Çje inanılmaz sürətlə inkişaf edir. Bir neçə il öncə Andrea Karnevale onu ''Udineze''yə gətirmək istəyirdi və mənə zəng vuraraq məlumat toplamışdı. Çində işləyirdim və Kimin böyük potensiala malik olduğunu bilirdim. Ona dedim ki, bu futbolçuya güvənməyə dəyər. Spallettinin başçılığı altında daha da peşəkarlaşdı və oyunlara konsentrasiya olunmağı bacardı. Oyun zamanı diqqəti başqa heç yerə yönəlmir. Hər zaman özünə əmindi və nə edəcəyini bilir''. Xatırladaq ki, ''Napoli'' Kimi ötən yay ''Fənərbaxça''dan 18 milyon avroya transfer edib. Cənubi Koreya yığmasının üzvü bu mövsüm 33 rəsmi oyuna çıxıb və 2 qol vurub.



