Benjamen Pavarın 26 yaşı var. Amma o artıq Çempionlar Liqasını da, dünya çempionluğunu da qazanıb. Fransalı müdafiəçi karyerasında 11 titul əldə edib.
"Football-plus.az" xəbər verir ki, Pavar “Bavariya”da 4-cü və bəlkə də ən çətin mövsümünü keçirir. Dəfələrlə onun klubdakı mövqeyindən narazı qalması barədə şayiələr yayılıb. Hətta bu qış “İnter”ə keçməyə yaxın idi. Amma rəhbərlik təklifi geri çevirdi. Elə futbolçu özü də Münhendə qalmağa üstünlük verdi. Belə görünür, problem artıq yoluna qoyulub. Pavar Almaniyanın “Sport 1” kanalına verdiyi müsahibədə bütün məsələlər barədə ətraflı danışıb.
- “Union”a qarşı son matçın ardından baş məşqçi Yulian Naqelsmann sizə tərif yağdırdı.
- Hər futbolçu üçün məşqçidən tərif eşitmək xoşdu. Amma bununla kifayətlənmək istəmirəm. Çox xoşbəxtəm. Çünki son dönəmlərdə özümü ən rahat hiss etdiyim mövqedə - müdafiənin mərkəzində oynayıram. Bütün güclü keyfiyyətlərim məhz bu mövqedə oynadıqda üzə çıxır.
- Joao Kanselonun gəlişindən sonra Naqelsmann üç mərkəz müdafiəçili sistemdən daha çox istifadə etməyə başladı. Belə çıxır ki, Kanselonun gəlişi ən çox sizin xeyrinizə oldu?
- Bəli, indi sevimli mövqeyimdə daha çox oynamaq fürsətim var. Müdafiənin ayrılmaz hissəsi olmaq, ikili mübarizələrə girmək, rəqib hücumlarının qarşısını kəsib topu öz oyunçularımıza ötürmək meydanda ən sevdiyim işdi. Joao əla futbolçudu və bunu əvvəlki klublarında da göstərmişdi. Komandada hər mövqedə rəqabətin olması yaxşı haldı. İndi mənim üçün hər şey qaydasındadı. Məşqçinin etimadını doğrultmağa çalışıram. Mən hətta yaxşı oynadığım matçlardan sonra da səhvlərimi təhlil etməyə çalşıram və nəyi daha yaxşı edə biləcəyimə qərar verirəm. Dino Topmöller (Naqelsmannın köməkçisi – red.) bu baxımdan mənə çox yardım edir. Hər qarşılaşmadan sonra mənə dəyərli məsləhətlərini verir.
- Məsələn, nə deyir?
- Detalları açıqlamaq istəmirəm. Sadəcə, müdafiəçi kimi daha aqressiv olmağımı istəyir. Karyeramın əvvəllərində belə deyildim, daha təmkinliydim. Amma indi çalışıram ki, ikili mübarizələrin hamısından qalib ayrılım. Müdafiədən hücuma çıxışlar zamanı da fəal olmağa çalışıram. Məsələn, topu sağ müdafiəçiyə ötürürəmsə, dərhal yenidən açılmağa çalışıram ki, onun ən pis halda topu mənə qaytarmaq fürsəti olsun.
- Sizi həqiqətən də tez-tez Topmöllerlə birlikdə görürük. Belə çıxır ki, onun komandada olması sizin üçün önəmlidi?
- Tez-tez bir-birimizlə yeni ideyaları bölüşürük. Topmöller mənim baş məsləhətçimdi. Hətta böyük hesabla qalib gəldiyimiz və qol buraxmadığımız oyundan sonra da mənə “yaxşı oynadın, amma filan anda, filan məqamda daha yaxşı oynaya bilərdin” deyir.
- Bəs Naqelsmannla münasibətləriniz necədi?
- Heç vaxt ünsiyyətdən qaçmır. Onunla söhbət etmək üçün otağının qapısın döyürsənsə, mütləq səni dinləyəcək. Bundan başqa, onun oynatmaq istədiyi futbol mənim çox xoşuma gəlir. Bizdən hücumameyilli futbol tələb edir və daim hərəkətdə olmağımızı istəyir. Ondan hər gün yeni şeylər öyrənməyə çalışıram.
- Oyun səviyyəniz çox bəyənilir. Amma bəzilərinin fikrincə, oyununuz o qədər də parlaq deyil. Necə düşünürsüz, fanatlar sizə lazımi dəyəri verir?
- Fanatların oyunuma lazım olandan az və ya çox dəyər verməsinə mən qərar verə bilmərəm. Mənim üçün əsas odu ki, baş məşqçi oyunumdan razı qalsın və mənə düzgün yol göstərsin. Başımı aşağı salıb öz işimi bacardığım qədər yaxşı yerinə yetriməyə çalışıram. Zənnimcə, Münhendə fanatlar bu keyfiyyətimə görə mənə böyük hörmətlə yanaşır. Ümumiyyətlə, azarkeşlərlə münasibət baxımından “Bavariya”da hər şey yaxşı vəziyyətdədi. Biz fanatlarımız üçün oynayırıq və ilk növbədə onları sevindirməyə çalışırıq. “Union”a qarşı son matçda hava çox soyuq və şaxtalı idi. Buna baxmayaraq, insanlar yenə də “Alyans Arena”nı doldurdular və 90 dəqiqə ərzində susmadılar. Biz də bu dəstəyin qarşılığını verməyə çalışırıq.
- PSJ-yə qarşı səfər oyununda Messiyə qarşı kobudluqdan sonra Neymar sizə nə dedi?
- (gülür) Belə şeylər futbolun bir hissəsidi. Oyundan sonra həmin epizodun görüntülərinə baxanda həqiqətən də gördüm ki, Neymar mənə nəsə deməyə çalışır. Amma inanın ki, bunu eşitməmişəm. Bütün diqqətim oyunda idi. Əsas odu ki, yekunda qalib gəldik.
- “Bavariya” ilə 2024-ə qədər müqaviləniz var. Gələcəyinizlə bağlı çox şayiə gəzir. Amma son həftələrin sizin üçün pozitiv alındığını düşünsək, müqavilənin müddətinin uzadılması mümkündü?
- Bilirsiz, mən heç vaxt burdan ayrılmaq istədiyimi dilimə gətirməmişəm. Necə böyük klubda oynadığımın və burda bütün işlərin yüksək səviyyədə təşkil olunmasının fərqindəyəm. Atmosfer çox gözəldi. Özümü rahat hiss edirəm və hamı ilə də münasibətlərim yaxşıdı.
- Yanvarda “İnter”dən rəsmi təklif gəldi. “Bavariya”nın təklifi geri çevirməsinə reaksiyanız necə oldu?
- Mən gəmini yarımçıq tərk edənlərdən deyiləm. Məqsədim burda qalmaq idi. Klub üçün və daha çox titul qazanmaq üçün əlimdən gələni etməyə hazıram.
- Mövsümün gedişində bir neçə çətinlikdən keçməli olduz. Əvvəlcə sərxoş vəziyyətdə maşın idarə etdiyinizə görə sürücülük vəsiqəniz əlinizdən alındı, sonra da artıq kluba lazım olmamağınız barədə şayiələr yayıldı. Bu anlarda rəhbərliyin dəstəyini hiss edirdiz?
- Əlbəttə. Onların təklifi geri çevirmələri mənə güvəndiklərini göstərir. Dediyim kimi burda özümü çox yaxşı hiss edirəm. Sürücülük vəsiqəmin alınması məsələsinə gəlincə, səhvə yol verdim və bunu dərhal da etiraf etdim. Heç birimiz ideal deyilik. Bu səhvdən lazımi nəticələr çıxarmışam.
- Komandada ən yaxşı anlaşdığın futboçu kimdi?
- Əslində hamı ilə çox yaxşı anlaşıram. Düzdü, biz fransızlar öz aramızda fransızca danışmağa üstünlük veririk. Luka Ernandes mənim üçün başqalarından az da olsa, yaxındı. Çünki bir-birimizi hələ Fransanın U-19 yığmasından tanıyırıq. Boş vaxtımızı tez-tez birlikdə keçiririk. Təəssüf, yenə ağır bir zədə ilə üzləşib. Ernandes həm yaxşı insan, həm də yaxşı futbolçudu.
- Yan Zommer artıq komandaya uyğunlaşıb?
- Arxadan müdafiəni çox gözəl idarə edir. Həqiqətən əla qapıçıdı. Onsuz da onun səviyyəsinə çoxdan bələd idik. Çünki hər dəfə Münhenqladbax “Borussiya”sının heyətində bizə qarşı oyunlarda ən azı 10 seyv edirdi (gülür).
- Bəs Manuel Noyerin yeri görünür?
- Əlbəttə. Onun ağır zədə aldığını və uzun müddətə sıradan çıxdığını eşidəndə hamımız çox pis olduq. Manuel bizim kapitanımızdı. Bu aralar oynamasa da, həmişə komandaya dəstək verməyə çalışır. “Bavariya” üçün vacib simadı və artıq klubun əfsanələrindən biridi. Ümid edirəm ki, tezliklə meydana qayıdacaq.
- Hansına üstünlük verərsiz: hesab 0:0 olarkən rəqibin hücumu zamanı “sürüşmə” fəndi ilə topu qapı xəttindən çıxarmağa, yoxsa hücuma qoşulub qol vurmağa?
- Topu qapı xəttindən çıxarmağa. Ötən həftəsonu “Union”la qarşılaşmada məhz buna bənzər epizod oldu. Topu düz xəttin üzərindən çıxardım. Müdafiəçinin başlıca hədəfi komandasının qol buraxmamağını təmin etməkdi. Müdafiəçinin hücuma qoşulub qol vurması isə onun üçün əlavə bonusdu.
- “Bavariya”nın heyətində ən unudulmaz anınız hansıdı?
- Burda qazandığım hər titul mənim üçün unudulmazdı. Mən titullara sahib çıxmaq üçün futbol oynayıram. “Bavariya”nı da məhz bu üzdən seçmişəm. İlk mövsüm mənim üçün sadəcə, möhtəşəm alındı və 6 titul qazandıq. DÇ-ni və ÇL-i qazanmaq həmişə arzum idi və artıq onları qazanmışam. Amma dediyim kimi hər titulun öz dəyəri var. Çünki sən onu başının üzərinə qaldırmaq üçün mövsümboyu bir çox çətinlikdən keçirsən. Hər şey bitdikdə və kuboku əlinə aldıqda özünlə fəxr edə bilirsən. Hərçənd birini seçməli olsam. 2020-də qazandığımız ÇL-i qeyd edərdim.
- Bu qədər çempionluqlardan sonra özünüzü növbəti çempionluğa necə motivasiyalandırırsız?
- Tituldan doymaq heç vaxt mümkün deyil. İstənilən futbolçudan soruşsaz, sizə bunu deyər. “Bavariya” elə klubdu ki, ardıcıl 10 çempionluğa baxmayaraq, onbirincini qazanmağa cəhd edir. Düzdü, bu mövsüm rəqabət çox yüksəkdi. “Borussiya”dan başqa “Leyptsiq”, “Union”, “Frayburq” da çox yaxşı mövsüm keçirir. Amma sona qədər döyüşəcəyik və sizi əmin edirəm ki, heç kimə heç nəyi hədiyyə etməyəcəyik! Hər üç turnirdə inamla yolumuza davam edirik, onların hamısında qalib gəlmək şanslarımız heç də pis deyil.
- Kilian Mbappe qeyd edib ki, PSJ həmişə favoritdi. Hətta “Bavariya” ilə səfər oyununda da.
- Bizim üçün Parisdən qələbə ilə qayıtmaq önəmli idi və bu hədəfə çatdıq. Cavab oyunu ərəfəsində 1 topluq üstünlüyümüz olacaq və bundan faydalanmağa çalışacağıq. Kilian dünya səviyyəli forvarddı. Ən son onların “Marsel”ə qarşı səfər matçını izlədim və orda xarüqələr yaratdı. Qapı önündə çox qərarlı və cəlddi. Amma biz də “Bavariya”yıq. Sadəcə, meydana çıxıb öz oyunumuzu oynamalıyıq. Belədə bütün vacib kartlar bizim əlimizdə olacaq.
- Yeri gəlmişkən, həftəsonu “Bavariya”nı sabiq klubunuz “Ştutqart”a qarşı səfər oyunu gözləyir. Şvabiyalılar elitada qalmaq uğrunda mübarizə aparır. Onları bu durumda görmək sizin üçün nə dərəcədə çətindi?
- İmkanım olanda həmişə “Ştutqart”ın oyunlarına baxıram. O vaxtkı tərcüməçimiz Piterlə indiyə qədər də ünsiyyətim var. Klubun bu durumda olması üzücüdü. Çünki “Ştutqart” mənim üçün böyük məna daşıyır. Orda azarkeşlik etməyi çox gözəl bacarırlar. Ümid edirəm ki, çətinliyin öhdəsindən gəlib bundesliqada qala biləcəklər. Amma şənbə günü bu fikirlərin hamısını bir kənara qoymalıyam. “Ştutqart”a bizdən sonrakı oyunlarda uğurlar arzulayıram.
- “Bavariya” mövsümü “qızıl het-trik”lə başa vursa, nə edərsiz?
- Saçlarımı sarı rəngə boyayaram. Möhtəşəm olardı. Elə deyilmi? (gülür)