Onun vaxtsız vəfatı ölkədə geniş əks-səda doğurmaqla yanaşı, xüsusilə inanclı və dindar kəsimi sarsıtdı. Mərhum ilahiyyatçı alim futbola da biganə olmayıb. Sosial şəbəkələrdə onun gənc yaşlarında futbol yarışının qaliblərini mükafatlandırdıcı görünür. Hacı Şahin Məşədi Dadaş məclisindəki son cümə xütbəsində də insani şövqdən danışarkən futbolçuların qol sevincini nümunə göstərib. Ölkə futbolunda da din xadiminin ölümünə kədərlənənlər az olmadı. Hətta bir çox məşqçi və futbolçular Hacı Şahinlə birgə və ya onun ayrıca şəkillərini paylaşdı.
"Football-plus.az" olaraq, həmin futbol adamlarından “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin fikrini öyrəndik:
"Mən uşaqlıqdan namaz qılıram. Cümə namazlarımı da həmişə məsciddə qılmışam. Elə uşaqlığımdan, cümə xütbələrində Hacı Şahini tanımışam. Yuxudan oyanıb onun ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm. Çox sarsılmışam. Dövlətimizə, dinimizə sədaqətlə xidmət edən bir alimi itirdik. Təəssüf ki, məşqlərimizlə bağlı dəfnində iştirak edə bilmədim. Amma qısa zamanda məzarını ziyarət edəcəm. Onun haqqı üzərimizdə böyükdü. Məkanı cənnət olsun inşallah".
ABDULLA İSMAYILOĞLU

