Onun vaxtsız vəfatı ölkədə geniş əks-səda doğurmaqla yanaşı, xüsusilə inanclı və dindar kəsimi sarsıtdı. Mərhum ilahiyyatçı alim futbola da biganə olmayıb. Sosial şəbəkələrdə onun gənc yaşlarında futbol yarışının qaliblərini mükafatlandırdıcı görünür. Hacı Şahin Məşədi Dadaş məclisindəki son cümə xütbəsində də insani şövqdən danışarkən futbolçuların qol sevincini nümunə göstərib. Ölkə futbolunda da din xadiminin ölümünə kədərlənənlər az olmadı. Hətta bir çox məşqçi və futbolçular Hacı Şahinlə birgə və ya onun ayrıca şəkillərini paylaşdı.
"Football-plus.az" olaraq, həmin futbol adamlarından “Kəpəz-2”nin baş məşqçisi Xaliq Mərdanovun fikrini öyrəndik:
"Hacı Şahinin ölümündən bütün xalq sarsılıb, mən də həmçinin. Elə bil doğmamı, əzizimi itirmişəm. Hələ də özümə gələ bilmirəm. Biz onun gözəl moizələri sayəsində imana gəlmişik. Müsəlmanlar üçün olduqca böyük itkidi. Deyirlər, alim öldü, aləm öldü. Bizim üçün də Hacı Şahin alimlərimizdən biri idi. Allah rəhbət etsin, günahlarını bağışlasın, o dünyasını versin. Əhli-beytlə məşhur etsin".
