Daxili və beynəlxalq yarışlarda bu il keçirdiyi əksər oyunlarda uğursuzluğa düçar olan”Çelsi” daha bir zərbə alıb. Komandanın aparıcı oyunçularından biri uzun müddətə sıradan çıxıb.
Football-plus.az xəbər verir ki, müdafiəçi Tyaqo Silva İngiltərə premyer-liqasının 25-ci turunun “Tottenhem”lə fevralın 26-da keçirilən matçda (0:2) zədələnmişdi. Klub saytının yaydığı xəbərə görə, tibbi müayinədən keçən braziliyalı futbolçunun diz bağlarında xəsarət aşkarlanıb. Silvanın sıraya dönməsi ən azı 6 həftə çəkəcək. O, bir sıra matçlarla yanaşı, Çempionlar Liqasının 1/8 finalının martın 7-də keçiriləcək “Borussiya” (Dortmund) ilə cavab oyununu da buraxacaq. 38 yaşlı futbolçu bu mövsüm premyer-liqada meydana çıxdığı 21 oyunda 2 məhsuldar ötürmə verib.