Rodriqo Bentankur məyusluq içindədi. “Tottenhem”in oyunçusunun zədəsi çox ciddidi.
Football-plus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İngiltərə premyer-liqasının 23-cü turunun “Lester”lə oyununda (1:4) sıradan çıxmışdı. Yerli mənbələrin yaydığı xəbərə görə, onun dizinin çarpaz bağlarında qırıq aşkarlanıb. Rodriqo bu səbəbdən təxminən 7 ay yaşıl meydalardan kənarda qalacaq. Bu da o deməkdi ki, mövsüm uruqvaylı futbolçu üçün erkən başa çatıb. Bəxtsiz Rodriqo zədəsini bir neçə gün əvvəl sağaltmışdı. O, bu mövsüm bütün turnirlərdə 25 matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bentankur bu il “Tottenhem”in ağır zədə alan ikinci oyunçusudu. Komandanın əsas qapıçısı Uqo Lyoris də dizindən zədələnib. Fransız futbolçu premyer-liqanın 22-ci turunun “Mançester Siti”yə qarşı oyununda (1:0) diz bağlarının qırılmasına görə təxminən 8 həftə oynaya bilməyəcək.