“Oyunçularla vizual əlaqəsi, davranışı, qısa dialoqları yüksək səviyyədə idi”

27.02.2023 13:30 422
Konfrans Liqası
"Gent" - "Qarabağ" qarşılaşmasını Uilyam Kollamın rəhbərlik etdiyi şotlandiyalı hakimlər briqadası idarə etdi. Ədalət təmsilçiləri 120 dəqiqə ərzində matçın nəticəsinə təsir edən qərarlara vermədi. Ciddi qayda pozuntuları olmadığından qırmızı vərəqəyə də ehtiyac duyulmadı. Referinin göstərdiyi sarı vərəqələr də yerində idi.

"Football-plus.az"-danışan FİFA referisi Tahir Süleymanov da şotlandların idarəçiliyində ciddi qüsur tapmayıb:

"Matçın gərgin keçəcəyi öncədən bilinirdi. Belə qarşılaşmalarda hakimlər briqadasının da üzərinə böyük yük düşür. Komandalar yaradıcılıqdan çox ilk növbədə rəqibə nəfəs almağa imkan verməmək haqda düşünürdü. Meydanın hər qarışı uğrunda amansız mübarizə gedir, futbolçular arasında ikili mübarizələr çoxluq təşkil edirdi. Təcrübəli baş hakim də buna qarşılıq verir, futbolçuların qaydalar çərçivəsində sona kimi oynamasına şərait yaradırdı. Komandalar bir-birinə hörmətlə yanaşsa da, azarkeşlər hakimlərə təzyiq edir, qərarların əksəriyyətini etirazla qarşılayırdı. Buna baxmayaraq, referi psixoloji cəhətdən tam hazır idi və görüşü obyektiv idarə etdi, prinsipiallıq göstərdi. Sarı vərəqələrin də hamısı haqlı idi. Futbolçular meydanda onun nüfuzunu qeyd-şərtsiz qəbul edirdilər. Oyunçularla vizual əlaqəsi, davranışı, qısa dialoqları yüksək səviyyədə idi. Əlavə vaxtda futbolçular yorulduğu kimi, referidə də fiziki geriləmə hiss olunurdu. Bir-iki epizodda topun ona dəyməsi bunun nəticəsi idi. Ümumilikdə hakimlər briqadası işlərinin öhdəsindən layiqincə gəldi. Oyunun son nəticəsini nəzərə alanda Bakıdakı görüşdə qola çevrilməyən penalti təəssüflə yada düşür".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul