Football-plus.az xəbər verir ki, “Napoli”nin bu mövsümdəki mükəmməl performansı barədə suala cavab verərkən Rummenigge bunları deyib:
“Napoli”ni çox bəyənirəm. Onların oyununu bəyənməmək mümkün deyil. Osimhen əla təsir bağışlayır. Luçano Spallettiyə də böyük rəğbətim var. Onunla “Giffoni” sarayında baş tutan qızımın toy mərasimində tanış oldum. Oranın yaxınlığında Spallettinin evi yerləşirmiş və biz təsadüfən görüşüb söhbət etdik. Kofe içə-içə bir çox məsələlərdən danışdıq. Onun “Napoli”də gördüyü iş alqışalayiqdi. İndiki “Napoli” Maradonanın dönəmindəki komandadan güclüdümü? Messi ilə Maradonanı müqayisə etməyimi də istəyirsiz. Birinci sualınıza dəqiq cavab verə bilməyəcəm. Amma ikinci suala cavab vermək istəyirəm. Dieqoya qarşı rəqiblər həmişə sərt davranırdılar. Müdafiəçilər həmişə onun ayağına vurmağa çalışırdılar. Mənim də iştirak etdiyim “İnter” – “Napoli” matçını gözəl xatırlayıram. Bizim oyunçular Dieqonun bədənində sağlam yer qoymamışdılar. İndiki qaydalar və hakimlər Messinin xeyrinə işləyir. Rəqiblər ona toxunan kimi hakim fitini səsləndirir. Messinin texniki özəlliklərini qətiyyən şübhə altına almıram. O, böyük bir çempiondu. Amma mənim üçün Maradona tarixin ən yaxşısıdı və həmişə də belə qalacaq. “Bavariya” Osimheni transfer etmək istəyirdimi? Xeyr, mən klubda çalışdığım dönəmdə belə bir şey olmayıb. Ötən yay Levandovski ayrılandan dərhal sonra “Bavariya” Mane ilə anlaşdı. Manenin meydandakı vəzifəsi və oyun keyfiyyətləri tam fərqlidi. “Bavariya” taktiki cəhətdən dəyişirdi və bu üzdən kluba fərqli özəllikləri olan futbolçu lazım idi”.
