Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
"Qarabağ" "Gent"in qonağı olacaq. Matçdan öncə ağdamlıların futbolçusu Ramil Şeydayev mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
"Sabah bizi maraqlı oyun gözləyir. Bakıdakından fərqli matç olacağını düşünürəm. Xüsusən də rəqibin oyununda. Ümid edirəm ki, mübarizəyə davam edəcəyik".
- İlk matçda penaltini vura bilməyəndən sonra bir az psixoloji gərginliyin var idi. Bu mərhələni necə adlaya bildin?
- Qorxulu heç nə yoxdu. Bu, daha böyük turnirlərdə, daha böyük oyunlarda bir çoxlarının başına gəlib. Bunu dünya çempionatının finalında yaşayanlar olub. Psixoloji cəhətdən mənə heç bir təsiri olmayıb. Bu mərhələni adlamışam. Bakıdakı matçdan sonra müsahibəmdə demişdim ki, komandaya qol borcluyam. Sabah fürsət olsa, borcumdan çıxmağa çalışacağam.
- Mövsümün sonunda "Qarabağ"la müqavilən bitir və başqa klublarla danışıq apardığın deyilir. Bu haqda nə deyə bilərsən?
- Bu barədə çox yazdılar. Yazılanların əksəriyyəti həqiqət deyil. Bu haqda düşünmürəm, düşünmək belə istəmirəm. Hazırda qarşıdakı matçları və mövsümün sonunu düşünürəm. Mənim üçün vacib olan qarşıdakı oyunlardı.