Neapolda oğurluq hadisəsi baş verib. İtaliyanın bu şəhərində 2020-ci ildə dünyasını dəyişən dünya futbolunun əfsanəsi Dieqo Maradonanın sol ayağının şəkli yoxa çıxıb.
Football-plus.az xəbər verir ki, bu barədə “calciomercato” portalı məlumat yayıb.
Həmin şəkil Maradonanın kətan üzərində çap olunmuş ayağının 3D skanıdı. Bu əsər “Napoli”nin 1990-cı ildə İtaliya çempionatında ikinci çempionluğu qazanması münasibətilə yaradılıb. Onu Neapoldakı İncəsənət Mərkəzinə Maradonanın yaxın dostu olan menecer Stefano Çeçi bağışlamışdı.
Xatırladaq ki, DÇ-1986-nın qəhrəmanı 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. Argentinalı xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi nəticəsində dünyasını dəyişib. Maradona “Napoli”də 1984-91-ci illərdə çıxış edib. Komanda tarixinin ən uğurlu dövrünü məhz argentinalı sabiq hücumçu ilə birgə keçirib.