Tadiç niyə Türkiyəyə aid sarğını taxmadı?

16.02.2023 22:51 253
Dünya futbolu
Bilindiyi kimi, böyük faciə ilə üzləşən və zəlzələ üzündən onminlərlə insanını itirən Türkiyəyə dünyanın dörd bir yanından bir çox ölkələr maddi və mənəvi dəstək verir.

Bu baxımdan ən fəal ölkələrdən biri Niderlanddı. Erediviziyada ötən həftəsonu keçirilən 21-ci turun bir çox oyunundan öncə Türkiyə və Suriyadakı zəlzələnin qurbanları birdəqiqəlik sükutla yad edilmişdi. Bir çox komanda oyundan sonra formalarını hərraca çıxarmışdı.

Kapıtan sarğısı ilə bağlı da maraqlı kampaniya keçirilmişdi. Kapitanlara Türkiyə və Suriya bayraqlarının bir qəlbin içinə qeyd olunduğu sarğılar verilmişdi. “Qalatasaray”ın və Niderland yığmasının sabiq ulduzu Uesli Sneyder də bu kampaniyada və sarğıların kapıtanlara çatdırılmasında yaxından iştirak etmişdi. Amma 18 klubdan 17-nin kapitanı sarğını taxaraq meydana çıxdığı halda, birinin kapitanı bundan imtina etməli oldu. Özü də söhbət Niderland futbolunun flaqmanı “Ayaks”dan gedir. Amsterdamlıların kapıtanı Duşan Tadiç “Valveyk”lə ev oyununa üstündə üç “X” işarəsi olan sarğı ilə çıxdı. Bu, nəinki Türkiyədə, elə Niderlandın özündə də birmənalı qarşılanmadı. Düzdü, ədalət naminə deyək ki, Niderlandda Türkiyə üçün əsas yardımlar “Giro555” adlı SMS kampaniyası vasitəsilə yığılır. “Ayaks” da daxil olmaqla son turda bütün klublar meydana üzərində “Giro555” yazılmış forma ilə çıxdılar. Türkiyə mətbuatının yazdığına inansaq, srağagünə olan məlumata görə bu kampaniya ilə zəlzələdən əziyyət çəkənlərə artıq 25 milyon avro toplanmışdı! Amma Tadiçin sarğını taxmaması söz-söhbətə səbəb oldu. Sneyderi dinləyək:
“Ötən həftəsonu bütün elita klublarına üzərində Türkiyə ilə Suriyanın bayraqları əks olunan sarğılar paylanılmışdı. DHSC klubunda çıxış edən Tarık Divarcı adlı köhnə bir tanışım var. Bu ideya ondan gəlmişdi. Məndən, sadəcə, kampaniyaya dəstək verməyimi istədi və mən də belə etdim. Bir klubdan başqa digər 17 klubun kapitanları sarğıları taxdılar. Yalnız “Ayaks”ın kapitanı Tadiç başqa sarğı taxdı. Səhv etmirəmsə, onların özlərinin başqa bir kampaniyası var idi. Yəni sarğını taxmamaq qərarı Tadiçə yox, klub rəhbərliyinə aiddi. Ümid edirəm ki, sarğını taxmasalar da, heç olmasa, bəzi formaları satışa çıxardılar”.


Daha öncə “Ayaks” və “İnter”də forma geymiş Endi van der Meyde isə bunları dedi:
“Düzünü desəm, “Ayaks”ın bu kampaniyaya qatılmaması heç xoşuma gəlmədi. Bu qədər böyük klub əksinə, belə yardım kampaniyalarında hamıdan birinci iştirak etməli və məsələni ictimailəşdirməlidi. “Ayaks”ın nə düşündüyünü anlamıram”.


Bu arada etiraz dalğasının artdığını görən Tadiç gərginliyi bir qədər azaltmaq üçün şəxsi hesabından bir paylaşımı etdi:
“Türkiyə və Suriyadakı zəlzələ məni dərindən üzdü. Düşüncələrim bu faciədə yaxınlarını, sevdiklərini itirən, ümumiyyətlə, zərər görən insanların yanındadı”.