Hasan Salihamiciç yol hərəkəti qaydalarını pozub. O, Münhen ətrafında sürət həddini aşıb.
“Bild” qəzetinin yaydığı xəbərdə Münhen dairə məhkəməsində “Bavariya”nın idman direktorunun yol verdiyi qayda pozuntusu ilə bağlı dinləmə keçirildiyi bildirilib. Klub rəsmisi 2022-ci ilin iyulunda sürət həddini yol verilən normadan 26 km/saat aşmaqda ittiham edilib. Salihamiciç bu ittihama etiraz etsə də, hakim etirazı rədd edib. Ona görə ki, funksioner məhkəmə iclasına gəlməyib. Almaniyanın cərimələr kataloquna əsasən, yaşayış məntəqələrində sürət həddini təxminən 26-30 km/saat aşmağa görə 180 avro cərimə nəzərdə tutulub. Qaydanı pozan sürücülük hüququnu sürət həddini yalnız bir il ərzində iki dəfə 26 km/saat və daha çox aşacağı halda itirə bilər.
“Bild” qəzetinin yaydığı xəbərdə Münhen klubunun digər rəsmisinin adı da çəkilib. Sən demə, Oliver Kan bir neçə ay əvvəl sürət həddini aşdığı üçün sürücülük hüququndan 30 günlüyə məhrum olunub. Şahidlərin dediklərinə görə, “Bavariya”nın baş direktorunu matçlara və işlə bağlı görüşlərə əksər hallarda həyat yoldaşı aparır.