Qardaş ölkə Türkiyədə ağır vəziyyət davam edir.
Football-plus.az xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş vermiş iki zəlzələ ölkədə bütün sahələrdə olduğu kimi futbola da çox ciddi təsir edib. 7 günlük matəm elan olunub və prezident Rəcəp Tayyip Ərdoğanın qərarı ilə 10 bölgədə - Kahramanmaraş, Hatay, Adıyaman, Adana, Qaziantep, Diyarbəkir, Kilis, Malatya, Osmaniyə və Şanlıurfada 3 aylıq fövqaladə vəziyyət elan olunub. Təəssüf ki, dünyasını dəyişənlərin sayı 10 mini ötmək üzrədi. Bu yazıda zəlzələnin futbola aid hissəsindən bəhs edəcəyik.
Futbol nə vaxt bərpa olunacaq?
Öncə peşəkar liqaların aqibətindən danışaq. Bu çox önəmli məsələdi. Çünki ümumilikdə 14 komanda zəlzələnın baş verdiyi zonaları təmsil edir. Onlardan 3-ü – “Adana Dəmirspor”, “Hatayspor” və “Qaziantep” superliqada, 2-si – “Adanaspor” və “Yeni Malatyaspor” 1-ci liqada çıxış edir. Türkiyə Futbol Federasiyasının idarə heyəti srağagün təcili toplantı keçirərək liqaların aqibətini müzakirə etdi. Qısamüddətli, uzunmüddətli təxirə salmalar, eləcə də mövsümün birdəfəlik ləğv olunması kimi variantlar müzakirə edildi. Amma TFF hələ ki, radikal addım atmaqdan çəkinərək qısamüddətli təxirəsalma variantını seçdi. Bu da o deməkdi ki, həftəsonu, yəni 10-13 fevral tarixlərində ölkədə peşəkar və həvəskar səviyyədə oynanılması planlaşdırılan bütün qarşılaşmalar təxirə salındı.
Bu həftəsonu superliqada, eləcə də 1, 2 və 3-cü liqalarda planlaşdırılan bütün oyunlar gələn həftəsonu – fevralın 17-20-də keçiriləcək. Başqa sözlə desək, mövsümün qalan hissəsi bir həftə irəliyə çəkilib. Bu üzdən daha öncə açıqlanan 24 və 25-ci turların təqvimi də yenidən planlaşdırılacaq. Fevralın 6-da oynanılmalı olan, amma zəlzələ üzündən təxirə salınan 23-cü turun 3 qarşılaşması, daha dəqiq desək “Ümraniyəspor” – “Adanaspor”, “Girəsunspor” – “Kayserispor”, “Fənərbaxça” – “Konyaspor” matçları fevralın 21-23-də baş tutacaq.
Zəlzələdən ən çox əziyyət çəkən və hətta üç üzvünü itirən “Hatayspor”un sonrakı aqibəti ən çox müzakirə olunan məsələlərdəndi. 600-ə yaxın insanın öldüyü və 300-ə yaxın binanın uçduğu Hatayın böyük bir hissəsi yerlə-yeksan olub. Şəhərin normal vəziyyətə qayıtması üçün hələ bir neçə ay gözləmək lazım olacaq. Vaxt isə yoxdu. Bu üzdən federasiyanın qərarı ilə klub mövsümün sonuna qədər TFF-nin Rivadakı bazasında qalacaq və orda məşqlərini keçəcək. Volkan Dəmirəlin çalışdırdığı klub ev oyunlarını isə Sakarya və Kocaelidə keçirəcək. “Yeni Malatyaspor”la bağlı da buna bənzər qərar veriləcəyi gözlənilir.
Bundan başqa 24-cü tur çəçivəsində oynanılmalı olan “Qaziantep” – “Qalatasaray” qarşılaşmasının məkanının da dəyişəcəyi gözlənilir. Düzdü, anteplilərin ev oyunlarını keçirdiyi stadiona zərər dəyməyib. Amma zəlzələdən böyük ziyan görən bu şəhərdə hələ ki, futbol matçı keçirmək düzgün olmaz. Bu məsələ ilə bağlı müzakirələr davam edir. Onu da bildirək ki, UEFA-nın xüsusi icazəsi ilə Türkiyədə qış transfer dönəminin müddəti 10 günlük artırılıb. Normal şərtlər altından yanvarın 12-də açılan “pəncərə” fevralın 8-də bağlanmalı idi. Amma TFF-nin səyi nəyicəsində indi “pəncərə” fevralın 18-də saat 23.59-da bağlanacaq.
Bu xəbərlərə ürək dözməz
Keçək acı və qanqaraldıcı xəbərlərə. Təəssüf ki, dünyasını dəyişənlər arasında futbol sahəsindən də bir çox isim var. Ötən sayımızda qeyd etmişdik ki, “Hatayspor”un son matçında qələbə qolunu vuran Kristian Atsu dağıntılar altında qalıb. Srağagün səhər xəbər gəldi ki, daha öncə “Çelsi”, “Nyukasl”, “Portu”, “Everton”da top qovmuş tanınmış qanalı yarımmüdafiəçi təxminən 30 saat dağıntılar altında qaldıqdan sonra xilas edilərək xəstəxanaya çatdırılıb. Türkiyəli həmkarlarımız bu xəbəri xarici mətbuata istinadən paylaşmışdılar. Amma sən demə həm Atsu, həm də klubun idman direktoru Tanər Savut hələ də dağıntılar altındadı. Artıq onların salamat şəkildə xilas edilməsi möcüzə sayılacaq. Çünki zəlzələnin üstündən 72 saatdan çox vaxt keçib.
Bundan başqa klubun fizioterapevti Onur Akdənizin də cəsədi dağıntılar altından çıxarılıb. “Hatayspor” srağagün Volkan Dəmirəlin böyük əməyi sayəsində əvvəlcə Adanaya, ordan da İstanbula yollandı. Yuxarıda da qeyd etdiyimiz kimi klub TFF-nin bazasında məskunlaşıb. İşin daha bir üzücü tərəfi odu ki, Volkan Dəmirəl bazar günkü “Hatayspor” – “Kasımpaşa” oyununu izləmək üçün Hataya bir neçə dostunu dəvət edibmiş və onlar da dünyasını dəyişib. 1-ci liqa təmsilçisi “Yeni Malatyaspor”dan da çox üzücü bir xəbər gəldi. Klubun 2-ci qapıçısı Ahmet Eyup Türkaslanın dağıntılar altından cəsədi çıxarıldı. 28 yaşlı futbolçunun həyat yoldaşı Kübra xilas olunsa da, o özü canını qurtara bilmədi. Əslində “Çaykur Rizəspor”la matçdan sonra komandaya 2 günlük istirahət verilmişdi. Demək olar oyunçuların hamısı şəhəri tərk etmişdi. Amma Ahmet Eyup Malatyada yaşayan bu klubun 4 üzvündən biri olduğu üçün şəhərdə, yəni öz evində qalmağa üstünlük vermişdi... 1994-cü il təvəllüdlü qapıçı daha öncə “Qaziantepspor”, “Şafakspor”, “Ankaraspor”, “Ümraniyəspor”da forma geymişdi. Malatya klubunda isə o, 2-ci mövsümünü keçirirdi. Mövsümün əvvəlində çiyni sındığı üçün əməliyyat olunmuşdu. Peşəkar səviyyədə 94 oyuna çıxan əlcək sahibi 122 qol buraxmış və 24 oyunda qapısını toxunulmaz saxlamışdı.
Digər klublardan da acı xəbərlər var. “Sivasspor” baş məşqçi Rza Çalımbayın köməkçisi Ayhan Tenbeloğluya başsağlığı verib. Bu məşqçinin Hatayda qohum-əqrabasından 15 nəfər dünyasını dəyişib. 2-ci liqa təmsilçisi “İskəndərunspor”un köməkçi məşqçisi İbrahim Xəlil Ölməz də dünyasını dəyişib. Həvəskarlar liqasında çıxış edən “Kahramanmaraş İsitqlalspor”un 2 üzvü – Tanər Kahriman və Hakan Doğandan da üzücü xəbər gəlib. Klubun bazası tamamilə dağılıb və hər iki futbolçu dağıntılar altında qalıb. “Altınordu”nun yetirməsi olan, daha öncə Cengiz Ündər və Çağlar Söyüncü ilə birlikdə forma geyən 25 yaşlı Tanər Kahriman xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hakan Doğanın isə dağıntılar altından cəsədi çıxarılıb.
“Qarabağ”ın rəqibi də Türkiyəyə dəstək verdi
Təbii ki, həm Türkiyənin özündə, həm dünyanın dörd bir tərəfində futbol dünyasından olanlar bacardıqları qədər maddi və mənəvi yardım göstərməyə çalışırlar. Təkcə TFF AFAD xilasetmə mərkəzinin açdığı yardım kampaniyasının hesabına 20 milyon lirə, yəni təxminən 1 milyon avro köçürdüb. Digər idman federasiyaları da kənarda qalmayıb. Bundan başqa tanınmış sənətçi, AHBAP yardım platformasının sahibi Haluk Levəntin başladığı kampaniyaya da futbolçulardan böyük dəstək gəlib. Bura Burak Yılmaz 300 min lirə, “Fənərbaxça”lı Mərt Hakan Yandaş 200 min lirə, “Qalatasaray”lı Əmrə Kılınc 150 min lirə, sabiq “Qalatasaray”lı Hakan Balta həyat yoldaşı ilə birlikdə hərəyə 300 min lirə, Avropada top qovan Cengiz Ündərlə Çağlar Söyüncü hərəyə 50 min lirə pul göndərib.
“Atalanta”lı Merih Dəmiral isə bura 1 milyon lirə köçürməklə yanaşı Kriştiano Ronaldo ilə bağlı addımı ilə də alqış qazanıb. Bilindiyi kimi daha öncə Ronaldo ilə “Yuventus”da top qovmuş Türkiyə yığmasının üzvü portuqaliyalı superulduzla dost münasibətdədi. Ronaldo ilə telefonda danışdığını açıqlayan Merih bunları deyib: “Kriştiano Türkiyədə baş verənlərə çox üzüldüyünü söylədi. Onun kolleksiyasındakı imzalı formalardan birini hərraca çıxarırıq. Əldə olunacaq gəlirin hamısı zəlzələdən əziyyət çəkənlər üçün AHBAP yardım platformasına göndəriləcək”. Ronaldonun üzrəində öz imzası olan “Yuventus”dakı “7” nömrəli forması srağagündən etibarən hərraca çıxarılıb. İstanbul təmsilçiləri də bu çətin məqamda düşməmçiliyi bir kənara qoyaraq birləşiblər.
“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” srağagün öz stadionlarının qapısını zəlzələdən əziyyət çəkənlərə yardım etmək istəyən insanlara açdılar. Nəticədə hər klubun stadionundan gün ərzində 6-7 dənə “TIR” adlanan ağır tonnajlı yük maşınları zəlzələ bölgələrinə yola düşdü. Elə bəzi futbolçular da stadiona gələrək yüklərin yığılmasına yardım etdi. Dünən “Beşiktaş”ın məhşur “Çarşı” fanat qrupunun 120 üzvü insanlara yardım etmək və onlara isti yemək aparmaq üçün zəlzələnin baş verdiyi şəhərlərə yollandılar.
“Qalatasaray”ın liderlərindən olan Kərəm Aktürkoğlu isə klub rəsmisi Ərdən Timur ilə birlikdə özü şəxsən insanlara yardım etmək üçün dünən Hataya yollandı. Qeyd edək ki, Kərəm özü 1999-cu ildə İzmitdə yaşanmış 7,6 bal gücündə zəlzələ zamanı 1 yaşı olarkən möcüzə sayəsində dağıntıların altından xilas edilmişdi. Əslən hataylı olan “Qalatasaray”ın 3-cü qapıçısı İsmayıl Çipe isə srağagündən bu şəhərdədi. Öz maşını ilə ordakı insanlara lazım olan ləvazimatllar aparan təcrübəli qapıçı hətta dağıntılar altında qalanlarrın xilas edilməsində də yaxından iştirak edib. “Fənər”li Linkoln Enrike isə bir ailəni öz evində qəbul etməyə hazır olduğunu bildirib.
Elə Avropa da bu fəlakətə biganə qalmayıb. UEFA, FİA, Avroliqa kimi önəmli qurumlardan tutmuş Luka Modriç, Serxio Ramos, Riyad Mahrez, Məhəmməd Salah, Robin van Persi, Didye Droqba, Kaka kimi isimlər və “Bavariya”, “Barselona”, “Real”, “Mançester Siti”, “Liverpul” kimi tanınmış klublar zəlzələ ilə bağlı paylaşımlar ediblər.
Maraqlıdı ki, “Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi “Gent” də kənarda qalmayıb. Belçika təmsilçisinin ev oyunlarını keçirdiyi 20 minlik “Gelamko Arena”nın çöl tərəfinə Türkiyə və zəlzələdən əziyyət çəkən digər ölkə Suriyanın böyük bayrağının şəkilləri yerləşdirilib.
Bundan başqa Niderland çempionatında həftəsonu keçiriləcək bütün oyunlardan öncə zəlzələdə dünyasını dəyişənlər bir dəqiqəlik sükutla yad ediləcək.
Əli