Birinci divizionda çıxış edən "Qaradağ Lökbatan"a yeni baş məşqçi təyinatı baş tutmayıb.
Komanda Araz Bağırovla danışıqlar aparsa da, razılığa gələ bilməyib. "Football-plus.az" saytı olaraq gənc mütəxəssislə əlaqə saxlayıb bunun səbəbini öyrəndik:
"Qaradağ Lökbatan"la danışıqlarımız oldu. Maliyyə şərtləri ürəyimcə idi. Sadəcə, 2 məsələ ilə bağlı narazılığım vardı. Klubun strukturu və baş məşqçi səlahiyətlərininin geniş olmaması prinsiplərimə uyğun deyil. Bu üzdən ortaq məxrəcə gələ bilmədik".
Qeyd edək ki, Araz Bağırov uzun müddət “Qarabağ”ın aşağı yaş qruplarında çalışıb. Onun son iş yeri isə “Sabah”ın U-15 komandası olub. Araz bəy hazırda “Araz Naxçıvan”ı çalışdıran Azər Bağırovun qardaşıdı.
ABDULLA İSMAYILOĞLU