"Neftçi"nin müraciəti qeydə alındı

12.01.2023 12:10 260
İdman
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb.

Football-plus.az xəbər verir ki, “Neftçi” voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına (AVF) bugünkü qarşılaşma ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub:

"Komandamızın əksər oyunçuları hazırda ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər. Onlar artıq bir neçə gündür ki, məqşlərdə də iştirak edə bilmirlər. Bununla əlaqədar yanvarın 12-nə təyin olunmuş “Neftçi” - “Xarı bülbül” qarşılaşmasının vaxtının dəyişdirilməsini Sizdən xahiş edirik".


AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq bu gün saat 16.00-da keçirilməsi nəzərdə tutulan “Neftçi” - “Xarı bülbül” oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.

Beləliklə, bu gün yalnız MOİK - "Murov" qarşılaşması baş tutacaq. Oyun saat 16 00-da start götürəcək və "CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.