“Mersedes”in pilotu, yeddiqat dünya çempionu, ancaq son iki ildə Maks Ferstappenə ciddi müqavimət göstərə bilməyən Lüis Hemilton maraqlı açıqlama verib.
Football-plus.az xəbər verir ki, o, yürüşlərə münasibətinin ciddi şəkildə dəyişdiyini bildirib:
“İndi avtoidman mənim üçün əsas deyil. Uşaqkən və “Formula-1”də keçirdiyim ilk illərdə yəqin fərqli olub, ancaq yaşa dolduqca anladım ki, ən vacib olan ailə və dostlar ilə vaxt keçirməkdi. Belə anları dəyərləndirmək lazımdı. Bəzən o fikirlə oyanıram ki, bir daha avtoidmanla məşğul olmayacam. Həyatda başqa məşğuliyyətlərin olduğunu da anlayıram, trassdan kənarda çox şeyə nail olmaq istəyirəm. Düzdü, çox tez də fikrimi dəyişir və öz-özümə çıxışımı davam etdirmək istədiyimi deyirəm”.
Hemilton 240 xal toplamaqla son mövsümü 6-cı yerdə bitirib. 37 yaşlı britaniyalı pilotun müqaviləsinin müddəti 2023-ün sonuna qədərdi.