Mbappenin dahiləri arxada qoyacağını düşünmək üçün hər cür əsas var
Lionel Messi və onun Dünya kubokunu qazanmaqla bağlı tarixi yürüşü hər kəsin maraq dairəsində idi. Hətta o dərəcədə ki, başqa ulduzların parlaq çıxışı da kölgədə qalmışdı. Turniri, eləcə də final oyununu möhtəşəm keçirən Kilian Mbappe də saqqalı argentinalının fonunda dekorasiya rolunu oynadı. Heç də ədalətli deyil!
Biz hələ də fransalıların 10 nömrəsinin miqyasını sona qədər dərk etmirik. Kilian cəmi 19 yaşında yığmanın aparıcı fiqurlarından biri kimi dünya çempionluğunu qazandı. Ardından 180 milyon avro müqabilində PSJ-yə keçməklə tarixin ikinci ən dəyərli futbolçusu oldu. Parisdə məhsuldarlıq rekordlarını qırdı və Messi ilə Neymarla müqayisədə daha yüksək əməkhaqqı aldı.
Çoxları Messi fenomenini izah etməyə çalışarkən deyir ki, Leo sehrbazlığı gündəlik işə çevirib. Bəs Mbappenin nəyi əskikdi? Srağagün cəmi 24 yaşını tamamlayan oğlanı yayda Fransa prezidenti Emmanuel Makron ölkədə qalmaq üçün dilə tuturdu. Lənətəgəlmiş Makron finaldan sonra da meydanda idi, ulduzu sakitləşdirməyə çalışırdı. Həmin fotoya diqqətlə baxın – sanki Mbappe heç prezidentə fikir vermir. Hətta Messi və Ronaldo da belə məqamda dövlət başçısına münasibətdə daha həssas olardı. Kilian isə artıq indi öz dəyərini bilir.
Və düz də edir! Mbappe dünya çempionatının finalında het-trik etməyi bacaran ikinci futbolçudu. Sonuncu dəfə belə uğura ingilis Ceff Herst uzaq 1966-cı ildə nail olub. Və ya 24 yaşını tamamlamadan 14 DÇ oyununda 12 qol vurmağa nə deyəsən?! Eyni statistikaya əfsanəvi Pele də malikdi. DÇ tarixində bundan yüksək effektivliyi yalnız iki futbolçu – Herd Müllerlə (14 oyunda 13 qol) Jüst Fonten (6 oyunda 13 qol) göstərib. Ancaq onların dönəmində meydanda daha açıq və məhsuldar oyun gedirdi. Mbappenin karyerasını DÇ tarixinin bombardiri statusunda başa vuracağına, demək olar ki, heç kim şübhə etmir. Onun, sadəcə, 4 qol vurması lazımdı.
Ronaldo və Messi erası idman tarixinin ən möhtəşəm hadisələrindən biridi. Hər kəs yetərincə uzun zaman kəsiyində ikihakimiyyətliliyə öyrəşdi. Leonun Qətərdəki zəfəri həmin dönəmin son və həlledici anlarından biridi. Və o da maraqlıdı ki, məhz final oyununda dahilərin davamçısının zühuruna bir daha şahidlik etdik. O davamçı futbol tarixinin bütün rekordlarını yeniləməyə qadirdi. Yaxın onillikdə Mbappenin əsas rəqibi Erlinq Holann – dövrümüzün daha bir möhtəşəm bombardiri olmalıdı. Ancaq Holannın yığma mənasında bəxti gətirməyib. Onun formasını geydiyi Norveç yığması sonuncu dəfə DÇ-98-də iştirak edib. Mbappe isə Fransa yığmasının heyətində bütün böyük turnirlərdə göz önündə olacaq və özünü unutmağa qoymayacaq.
Kilian artıq böyük futbolçudu. Və söhbət təkcə onun indiyəqədərki uğurlarından getmir. İlyarım əvvəl Avropa çempionatının Fransa yığması üçün necə yekunlaşdığını xatırlayın. İsveçrə ilə oyunda həlledici penaltini qola çevirə bilməyən Mbappe evə yollandı. Həmvətənlərinin lənəti, mediadakı darmadağın, yığmadan getmək haqda düşüncələr – Mbappe bütün bunları 22 yaşında yaşadı. Yaşadı ki, dünya çempionatının finalında üç dəfə “nöqtə”yə yaxınlaşsın və bütün zərbələri soyuqqanlı şəkildə yerinə yetirsin. Bu artıq qalib mentallığıdı. Valideynləri ona uşaqlıqdan dahiliyə aparan yolu göstərib. Kilian böyük addımlarla həmin yolda irəliləyir. Çox güman, Messi ilə Ronaldonu geridə doyacağı gün də uzaqda deyil. “Lusail”dəki finaldan sonra, çətin ki, kimsə buna şübhə edə!