"Sabah" tarixində bir ilk

24.11.2022 11:31 335
Premyer-liqa
Emanuel Apeh “Sabah”ın tarixinə düşüb.

Football-plus.az xəbər verir ki, 26 yaşlı nigeriyalı hücumçu Bakı klubunun heyətində het-trik edən ilk futbolçu olub.

2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan kuboku və premyer-liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Emanuel Azərbaycan kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla (61; 88; 90+1-ci dəqiqələrdə) 5:0 hesablı qələbədə pay sahibi olub.

Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdı. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi 1-ci divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, premyer-liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.