“Mançester Yunayted”in portuqaliyalı hücumçusu ilə PSJ-nin argentinalı forvardı sosial şəbəkələrdə “Louis Vuitton” brendinin reklam kampaniyasına birgə çəkildikləri fotoları yerləşdiriblər. Onların ilk dəfə birgə reklamda iştirak etdiklərini xüsusi vurğulayaq. Məşhurlar şahmat taxtasının ətrafında rəqib kimi əyləşiblər.
Ronaldo reklam kampaniyasına birgə çəkildikləri foto barədə danışıb. O, Messini məğlub etmək istədiyini deyib:
“Mən Lioneli həm şahmatda, həm də futbolda mat etmək istərdim. Bu, sehirli olardı. Dünya çempionatında qalib gəlsəm belə, hansımızın daha yaxşı olması ilə bağlı mübahisə davam edəcək. Bəziləri məni daha çox, bəziləri isə daha az bəyənirlər. Həyatda da belədi. Bəziləri sarışınları, bəziləri qaraşınları sevirlər. Dünya kuboku hər şeyi göstərmək üçün vitrin olacaq. Ancaq artıq bundan sonrakı karyeramda bir turnirdə belə qalib gəlməsəm, bütün nailiyyətlərimi nəzərə alaraq yenə də xoşbəxt olacağam”.
Qeyd edək ki, Messi Argentina yığması ilə DÇ-2022-nin qrup mərhələsində Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq. Ronaldo isə Portuqaliya ilə Qana, Uruqvay və Koreyaya qarşı yarışacaq. Qətərdə başlayan dünya çempionatı hər iki hücumçu üçün sonuncu ola bilər. Bukmeker kontorları Argentinanı Portuqaliya ilə müqayisədə çempionluğa daha yaxın hesab edir.
Yeri gəlmişkən, Ronaldo DÇ-2022 ilə bağlı reportaj hazırlayan jurnalistlərdən komanda yoldaşlarına onun haqda suallar verməmələrini istəyib. 37 yaşlı hücumçu qəfil mətbuat konfransı keçirilən otağa daxil olub. Kriştiano MY və yığmadakı oyundaşı Bruno Fernandeşlə sosial mediada yayılan görüntüləri haqda bunları deyib:
“Təyyarəsi gecikdi, ona “gəmi ilə gəldin” sualını verdim. Xahiş edirəm, futbolçulara mənim haqqımda suallar verməyin”.
Jurnalistlərə “güllə keçirməz” və “dəmir kimi sağlam” olduğunu deyən Ronaldo Pirs Morqana verdiyi müsahibə ilə bağlı isə bunları söyləyib:
“Zamanlama həmişə eynidi. Vaxtı necə seçə biləcəyimizə baxmaq sizin üçün asandı. Başqa nələr olacağı barədə narahat olmağa dəyməz. Başqalarının nə düşündüyü ilə bağlı həyəcanlanmağa ehtiyac yoxdu. Mən nə vaxt istəsəm, danışıram. Mənim kim olduğumu, nəyə inandığımı hamı bilir”.
Xatırladaq ki, Ronaldo bir neçə gün əvvəl verdiyi qalmaqallı müsahibə ilə hələ də gündəmdədir. O, MY-ni kəskin tənqid etmişdi. Buna görə klubu ilə Bruno Fernandeş Ronaldodan narazı qalıb.
Yeri gəlmişkən…
Kriştiano Ronaldonun “instaqram” hesabının izləyici sayı 500 milyonu keçib. Bu, dünyada rekord göstəricidi. İkinci yerdə məhz Lionel Messidi. Onun izləyici sayı 372 milyona bərabərdi.

