Bir neçə gün öncə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol komitəsinin həqiqi üzvü seçildi.
Maraqlıdı, bu onun AFFA-dakı işlərinə mane olmayacaq? Qitə futbol qurumunda işi nədən ibarətdi?
Bu suallara cavab tapmaq üçün millimizin sabiq qapıçısı ilə əlaqə saxladıq:
“Komitənin il ərzində üç-dörd toplantısı olur. Əksər vaxtlarda da onlayn formada baş tutur. Bəzən gedirik UEFA-nın gərargahına, Nyon şəhərinə. Orda aşağı yaş qruplarının Avropa çempionatının keçirilməsini, məkanını, formatını müzakirə edirik. Bundan başqa, həvəskar liqaların beynəlxalq səviyyədə təşkili formatı, qaydaların dəyişməsiylə bağlı məsələlər də işimizin bir hissəsidi. Lakin bu, AFFA-dakı fəaliyyətimə təsir etməyəcək. Burdakı işim də normal qaydada davam edəcək. Sadəcə, dediyim kimi, UEFA-da toplantılar olur. Orda müzakirə edirik, təkliflərimizi deyirik, komitə də qərar verir. Mən artıq 1 ildən çoxdu komitənin üzvüyəm. Sadəcə, bura pandemiya zamanı üzv seçilmişdim. Ona görə təqdimat indi oldu. O zaman toplantılar onlayn olurdu. Son dəfə də təklif aldıq və məni ictimaiyyətə təqdim etdilər. Növbəti toplantımız, yəqin ki, fevral-mart aylarına təsadüf edəcək”.
ŞAİR ABDULLA