Dieqo Ribas karyerası ilə bağlı vacib qərar verib. Braziliya millisinin sabiq oyunçusu butslarını mismardan asmağı lazım bilib.
2016-cı ildən “Flamenqo”da çıxış edən 37 yaşlı yarımmüdafiəçi A seriyasının “Avay” ilə keçirilən ev oyununda (1:2) sonuncu dəfə meydana çıxıb. 57-ci dəqiqədə əvəzlənən Dieqo futbolla rəsmən vidalaşıb. “Santos”un yetirməsi olan Ribas bu klubda 2002-04-cü illərdə top qovub. 19 yaşında Avropaya yollanaraq “Portu” (2004-06), “Verder” (2006-09), “Yuventus” (2009-10), “Volfsburq” (2010-11, 2012-13), “Atletiko” (2011-12, 2014) və “Fənərbaxça”da (2014-16) çıxış edib.
Braziliya yığmasında 2003-17-ci illərdə 34 oyuna çıxan Dieqo 4 qol vurub. Onun iki dəfə (2004, 2007) Amerika Kubokunun qalibi olduğunu da xatırladaq.