Artıq klub rəhbərliyinin göstərişi ilə onun ''Old Trafford''un divarındakı nəhəng posteri ordan çıxarılıb. Eləcə də İngiltərə mətbuatının xəbərinə görə ''Yunayted''in üzvləri portuqaliyalı superulduzu bütün oyunçuların yer aldığı ''votsap'' qrupundan çıxarıblar!
Bu arada Ronaldoya maraq göstərən klublardan birinin ''Qalatasaray'' olduğu məlum olub. Əslində bu, yeni xəbər deyil. İstanbul nəhəngi mövsümün əvvəlində də Ronaldo ilə maraqlanmış və hətta klub rəsmiləri futbolçunun meneceri Xorxe Mendeşlə də görüşmüşdülər. Amma həmin vaxt məhşur futbolçu Türkiyə klubuna keçidə maraq göstərməmişdi. Deyilənə görə ''Cim-Bom'' futbolçunun düşdüyü vəziyyəti nəzərə alaraq yenidən onu transfer etməyə cəhd göstərəcək. Bu yay İkardi, Mata, Oliveyra Seferoviç kimi tanınmış oyunçuların transferində mühüm rol oynayan başqan vəkili Ərdən Timur Ronaldonun məsələsi ilə yaxından məşğul olmağa başlayıb. Bu arada ''Qalatasaray''ın sabiq prezidenti Adnan Polat da bu mövzuya münasibət bildirib. O, indiki rəhbərliyə Kriştianonu transfer etməyi məsləhət görüb:
''Mən olsam, Ronaldonu almaq üçün əlimdən gələni edərəm. Çünki çox böyük futbolçu və eyni zamanda böyük bir markadı. Bu, bütün dünyada böyük səs gətirən bir transfer olardı. Hamının diqqəti ''Qalatasaray''a yönələrdi''.
Polat 2008-in martından 2011-in mayına qədər başqan vəzifəsini icra edib. ''Qalatasaray'' onun dönəmində çempion ola bilməsə də, komanda həmin vaxt Elano, Keyta, Covanni dos Santos, Jo, Misimoviç kimi tanınmış oyunçuları heyətə cəlb etmişdi.




