Milli komandamız dünən yoldaşlıq görüşü çərçivəsində səfərdə Moldova ilə qarşılaşıb.
Oyun yığmamızın 2:1 hesablı qələbəsiylə başa çatıb. Matçla bağlı Əfqan Talıbovun fikrini öyrəndik. Təcrübəli mütəxəssis “Football-plus.az” saytına bunları söylədi:
"Son seçmə mərhələdə sərgilənən performans və qələbələr sayəsində hazırda kollektivdə yaxşı əhval-ruhiyyə var. Moldova ilə oyunda iki fərqli hissə gördük. İlk yarıda millimizin aşkar üstünlüyünün, yaradıcı futbol sərgiləməsinin və qollar vurmasının şahidi olduq. Emin-Riçard-Aleksey “üçlüyü”nun yaradıcılığı xüsusilə göz oxşayırdı. Fasiləyə 2:0 öndə yollandıq. Amma 2-ci hissədə rəqib daha çox top saxlamaqla təzyiqi artırdı. Moldovanın mərkəzdən təşkil etdiyi hücumlar daha təhlükəliydi. Əvəzetmələrimiz də oyun planında dəyişikliklərə səbəb oldu. Riçardın əvəzlənməsi hücum quruculuğunu zəiflətdi. Mahirin ifasında 2 qol imkanı yaxalaq da, fərqlənə bilmədi. Bəlkə də 3-cü qolu vursaydı, Moldovanı tam “tərksilah” edərdik. Təəssüfləndirici məqam oyunun sonluğunu yaxşı gətirə bilməməyimizdi. Rəqib kəsərli hücumlar sayəsində qol vurub fərqi minimuma endirdi. Qol buraxmadan qələbə qazansaq, daha yaxşı olardı.
Qarşıda güclü Şimali Makedoniya yığmasıyla oyunumuz var. Düşünürəm ki, onlara qarşı fərqli heyətlə oynayacağıq. Həmin görüşdə heyətdə yer alacaq futbolçuların seçmə mərhələdə əsas fiqurlar olacağını düşünürəm. Ümumilikdə futbolçularımız pis çıxış etmədi. Amma Emin Mahmudovu başqalarından fərqləndirərdim. Kapitan meydanın hər sahəsində görünərək, faydakı işiylə seçildi, qol vurdu".
ABDULLA İSMAYILOĞLU