"Yaxşı oynamadıq" - "Sumqayıt"ın məşqçisi

11.11.2022 17:20 324
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 14-cü turun “Şamaxı” – “Sumqayıt” (4:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.

"Footbal-plus.az" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Danışası çox şey yoxdu. Yaxşı oynamadıq. “Şamaxı” layiqli qələbə qazandı. Onları təbrik edirəm. Gələcək oyunlara hazırlaşacağıq.

- Azarkeşlər komandadan narazılıq edir...

- Belə tənqidlər eşitməmişəm. Azarkeşlər həmişə qələbə istəyir. Özümüz də qalib gəlmək istəyirik. Təəssüf ki, bu gün alınmadı. Azarkeşləri başa düşmək olar. Biz də komandanı düzəltmək istəyirik. Qələbələr olmalıdı.

- “Şamaxı” ilə matçın bu qədər çətin olacağını gözləyirdiz?

- Gözləyirdik. “Şamaxı” pis komanda deyil. Gənc və təcrübəlilərdən komanda formalaşdırılıb. Burada onlarla hamı çətinlik çəkir. İstəkli komandadı.

- “Neftçi” ilə matç və bugünkü oyun arasında böyük fərq var idi. Bu, nə ilə bağlıdı?

- Fərq var idi. Həmin matçda daha istəkli idik. Bu gün isə “Şamaxı” daha istəkli oldu. “Neftçi” ilə matçda da 4-5 xəstə oyunçumuz var idi. Hələ də tam bərpa olmamışdılar.

- Əvvəl komanda qol vura bilmirdi. İndi isə müdafiədə səhvlər edirsiz. Bu, nədən qaynaqlanır?

- Diqqətsizlikdən qaynaqlanır. Fərdi səhvlərdən qollar buraxırıq. Həm hücum, həm də müdafiədə xeyli problemlərimiz var.

- Heyətinizdə legionerlər, milli komandada oynayan futbolçular var. Amma bu gün “Şamaxı”nın gəncləri qarşısında aciz qaldılar. Günahkar kimdi: Baqa, yoxsa...

- Burada məşqçilik məsələsi deyil. Meydanda passportlar önəm daşımır. İdmançı xarakter göstərməlidi. Xarici vətəndaşın yerli oyunçulardan yaxşı olması deyə bir şey yoxdu.