PSJ rəhbərliyi Lionel Messinin komandada daha uzun müddət oynamasını istəyir. Bunun üçün hücumçuya yeni müqavilə təklif edilib.
“Le Parisien” qəzetinin yaydığı xəbərə görə, Paris klubu argentinalı futbolçu ilə əməkdaşlığın vaxtını 2024-cü ilə qədər artırmaq, üstəlik onunla sonradan daha birillik sözləşəmə imzalamaq istəyir. Müqavilənin maliyyə şərtləri də müzakirə olunur. “Le Parisien” qəzeti ulduz futbolçunun məvacibinin klub üçün ciddi problemə səbəb olacağını istisna etmir. Belə ki, Lionelin illik maaşı 41 milyon avroya bərabərdi. Ötən mövsümü 350 milyon avro itki ilə başa vuran PSJ-nin bossları futbolçuya bu qədər əmək haqqı ödəməyin klub üçün riskli olacağını düşünürlər. Bu səbəbdən Messi ilə yeni müqavilənin maliyyə şərtlərinin müzakirəsi zamanı ondan bir qədər güzəşt əldə etməyə çalışırlar. Deyilənə görə, səbəbkar PSJ-də daha uzun müddət oynamağa hazırdı. Lakin indiyədək bu haqda fikrini açıq bəyan etməyib. Lionel hazırda yalnız klubda və gələn ay start götürəcək dünya çempionatındakı çıxışı haqda düşünür.
Messi PSJ-də 2021-ci ilin yayından oynayır. Onun mövcud müqaviləsinin müddəti 2023-cü ilin iyununa qədərdi. Lionel bu mövsüm Fransa çempionatında meydana çıxdığı 11 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. 35 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsində isə 4 oyuna 4 qol vurub.