Misli premyer-liqasında 10-cu turun önəmli hadisələrindən biri də “Sumqayıt”ın “Qarabağ”ın qapısına qol vurması oldu.
Kiməsə zarafat gələ bilər. Amma ortada real rəqəmlər, “Sumqayıt” üçün çox acı gerçək var. Özünü elita təmsilçisi sayan, premyer-liqada yetərincə təcrübəyə malik olan bir komanda birinci dövrədə rəqib qapılarına oyun vəziyyətindən qol vura bilmədi. 9 tur ərzində “Sumqayıt”ın hesabına yazılan cəmi 1 qol var ki, onu da digər autsayder “Şamaxı” ilə görüşün 3-cü dəqiqəsində Almir Aqanspahiç penaltidən rəqib qapısından keçirib. Vəssalam. Başa düşən adam üçün böyük biabırçılıq, utanmaq üçün səbəbdi. Sözsüz, həmin o utanası adamlar biz idman jurnalistləri, yaxud da siz oxucular və “Sumqayıt”ın azarkeşləri deyil. Utanası adamların başında klubun menecer-prezidenti Riad Rəfiyev dayanır. Ondan sonra sabiq baş məşqçi Aleksey Baqa, indiki çalışdırıcı Samir Abasov və futbolçular gəlir.
Heç inanmıram ki, Avropanın hansısa ölkəsinin çempionatında buna oxşar hadisəyə rast gələk. Necə ola bilər ki, bir komanda elita iştirakçıları arasında mübarizə aparsın, amma bütöv bir dövrə ərzində nəinki qələbəyə, oyun vəziyyətindən vurulan qola sevinməsin?! Əmin idim ki, axtarsam da, analoji halla rastlaşmayacam. Ona görə də digər ölkələrin çempionatlarına heç boylanmadım da. Bu yerdə müqayisə üçün qeyd edim ki, premyer-liqanın debütantı sayılan “Turan Tovuz” ilk dövrədə rəqiblərin qapısına 6 dəfə yol tapıb. Özü də qərblilər “Sumqayıt”dan bir oyun az keçirib. Digər qərb təmsilçisi “Kəpəz”in birinci dövrədə vurduğu qolların sayı da “Turan Tovuz”la eynidi. Heyəti tam yerli futbolçulardan qurulan, turnir cədvəlinin sonuncu pilləsini “özəlləşdirən” “Şamaxı” 9 tur ərzində rəqiblərini 4 dəfə məyus etməyi bacarmışdı. “Qəbələ” ilə qarşılaşmadan sonra bu rəqəm beşə yüksəldi. “Sumqayıt” isə “Qarabağ”ın qapısına yol tapmaqla biri penaltidən olmaqla ikinci qolunu vurdu.
“Qarabağ”la oyunun gedişində “Sumqayıt” hesabı açandan dərhal sonra baş məşqçi Samir Abasovu ekrana gətirdilər. Qarşılaşmanı şərh edən Şəmsəddin Abbasov onun məyus görkəminə belə izah verdi: “Samir Abasov başa düşür ki, bu qol hələ son deyil, başlanğıcdı”. Bəli, Azərbaycan futbolu ilə az-çox maraqlanan, komandaların imkanlarını qiymətləndirməyi bacaran hər kəs bu reallığı qəbul edirdi. İlk yarıdakı eksperimental heyət oyuna ağırlığını qoya bilsə də, “Sumqayıt”ın qapısına yol tapmaq mümkün olmamışdı. Düşünürəm ki, hesab açılmasaydı belə, sona yaxın Qurban Qurbanov əvəzetmələrə əl atacaq və 3 xalı qazanmaq üçün komandasının oyununu gücləndirəcəkdi. “Qarabağ”ın məğlub duruma düşməsi bu prosesi bir qədər sürətləndirməklə yanaşı, oyuna həyəcan və baxımlılıq qatdı. Sonda qeydə alınan 3:1 hesabı isə komandalar arasındakı səviyyə fərqi baxımından ədalətli idi. Samir Abasovun gəlişindən sonra “Sumqayıt”ın oyununda cüzi müsbət dəyişiklik hiss olunsa da, böyük ölçüdə hansısa yeniliklərin olacağını gözləməyə dəyməz. 9 fərqli ölkədən legioneri olan “Sumqayıt”da döyüşkənlik, komanda ruhu yoxdu. Ayrı-ayrı epizodlarda komandanın legionerləri də, yerliləri də peşəkar yox, həvəskar futbolçuya bənzəyir.
Bu bərbad əsərin memarı kimdi? Əlbəttə, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev və yayda komandaya hazırlıq keçən, transferlərə razılıq verən Aleksey Baqa! Deyirlər ki, Baqa aşağı maaşa “Sumqayıt”da işləməyə razılıq verib. Kimə lazımdı o iş ki, onun nəticəsi belə bərbaddı? Rəfiyevin bu yaxınlarda verdiyi bir müsahibəni oxudum. Adam heç bir suala konkret cavab vermir və ya verə bilmir, özünü qərbin diplomatları kimi aparır, yayınır. Daha demir ki, o deməsə də, biz əsl həqiqəti bilirik. Onun Baqanın işinin nə üçün uğursuz olması ilə bağlı suala cavabı lap gülməlidi. Deyir ki, səbəblər fərqlidi, konkret hansısa bir-iki səbəbi seçib, göstərmək olmaz. Olmadı ki, cənab Rəfiyev. Adam sözün düzünü deyər. Sözün düzü də sizin əcnəbi baş məşqçi seçimində, transfer siyasətində yanılmağınızdı. Məsuliyyətdən kənara qaçmaqla deyil ki. Hesabat tələb edən olsa, bir nömrəli cavabdeh sizsiz. Klub bir ailədisə, ailənin də başçısı oranın prezidentidi. Siz qala-qala, uğursuzluğa görə kim cavab verməlidi?
Eşitdiyimə görə, Samir Abasov “Sumqayıt”a gələndə müqavilənin əsas şərtlərindən biri onun rəhbərliyi tənqid etməməsi barədə imiş. Amma Abasov yenə dilini dinc qoymayıb, dolayısıyla olsa da, Rəfiyevi tənqid edib. Sitat: “Qışı ən səbirsizliklə gözləyən adamlardan biriyəm”. Samir bəy qışı niyə gözləyir? Əlbəttə, yeni transferlər etməyə, Rəfiyev - Baqa cütlüyünün gətirdiyi yararsız legionerləri komandadan qovmağa görə. Bu açıqlama Samir bəyin klub prezidentinin işinə verdiyi qiymətidi. Həmin o qiymətin “2” olduğunu da “Qarabağ”la oyundan sonra hamımız eşitdik. Obyektivliyə görə təşəkkürlər!
AMAL